Fizika sahəsində 2013-cü ilin Nobel mükafatı belçikalı Fransua Enqlerə və britaniyalı Piter Hiqqsə verilib.
Belçikalı Fransua Enqler və britaniyalı Piter Hiqqs 2013-cü ildə fizika sahəsində Nobel mükafatına layiq görülüblər.
Bu barədə Nobel komitəsinin bəyanatında deyilir.
Bəyanata əsasən, bu mükafat subatomar hissəciklərin mənşəyini anlamağa kömək edən mexanizm yaradılmasına görə verilib. Subatomar hissəciklərin mövcudluğu Avropa Nüvə Tədqiqatları Mərkəzində (CERN) “Hiqqs bozonu” deyilən yeni elementar hissəciyin kəşf edilməsi ilə isbat olunub.
2012-ci ildə Böyük adron kollayderində yeni bir hissəcik kəşf edilib. Mövcud olması Hiqqs tərəfindən əvvəlcədən söylənilən bu hissəcik onun şərəfinə adlandırılıb.
“Allah hissəciyi” adı verilən Hiqqs bozonunun kəşf edilməsi müasir elmdə elementar hissəciklərin qarşılıqlı təsirinin standart modelini təsdiq edib. Bu modelə görə həmin qarşılıqlı fəaliyyət materiyaya kütlə verən Hiqqs sahəsinin təsiri altında yaranır. Həmin sahəni cihazlarla görmək mümkün deyil. Buna görə də Hiqqs bozonunun kəşf edilməsi bu sahənin mövcudluğunu göstərən yeganə sübutdur.
Fiziklər belə hesab edirlər ki, Kainatın bünövrəsini qoyan Böyük partlayışdan sonra Hiqqs bozonunu doğuran qüvvə qalaktikaların, ulduzların və planetlərin əzəli xaosdan yaranmasına gətirib çıxarıb. Böyük adron kollayderinin tikilməsinin əsas məqsədlərindən biri Hiqqs bozonunu aşkar etmək idi. Avropa Nüvə Tədqiqatları Mərkəzi alimlərinin işlədiyi bu qurğu elementar hissəciklərin nəhəng sürətləndiricisidir.
Onilliklər boyu aparılmış axtarışlardan sonra 2013-cü ilin mart ayında həmin alimlər təsdiq etmişlər ki, yarım il əvvəl tapılmış hissəcik həqiqətən Hiqqs bozonudur. Bir sıra ekspertlərin fikrincə bu hissəciyin aşkar edilməsi son onilliklərdə Kainatın qanunları haqqında biliklər sahəsində ən mühüm kəşfdir.