ABŞ-də yeni 100 dollarlıq əsginaz dövriyyəyə buraxılır.
Oktyabrın 8-də ABŞ banklarına yeni, daha yüksək müdafiə dərəcəli 100 dollarlıq əskinaslar daxil olacaq.
Bu barədə ölkənin Maliyyə Nazirliyinin nümayəndəsi Entoni Kouli yeni pulların dövriyyəyə buraxılması haqqında məlumatı təsdiqləyərkən bildirib.
Məlumata əsasən, cari ildə 2,5 milyard bu cür əsginazın buraxılacağı gözlənilir. ABŞ Federal Ehtiyatlar Sisteminin bundan əvvəl təqdim etdiyi məlumatlara görə, yeni əsginazların üz tərəfində ənənəvi təhlükəsizlik tədbirlərindən əlavə holoqramlı göy rəngli lent, habelə mis rəngli mürəkkəbqabı fonunda ABŞ-ın müstəqilliyi rəmzlərindən biri olan Azadlıq Zənginin Təsviri yerləşdiriləcək.
Xüsusi kağızdan hazırlanan əsginazlar müəyyən bucaq altında əyildikdə mürəkkəbqabının rəngi dəyişərək yaşıl olur, zəngin təsviri isə itir.
Yeni əsginazın hazırlanmasına 10 ildən artıq vaxt sərf edilib. Mütəxəssislər əminliklə bildiriblər ki, yeni əsginazları saxta yolla hazırlamaq, demək olar ki, qeyri-mümkündür.
Yeni əsginazlar buraxılması təkcə ABŞ üçün əlamətdar hadisə deyil: Federal Ehtiyatlar Sisteminin hesablamalarına görə 8,6 milyard 100 dollarlıq əskinasların təxminən 50-75 faizi xaricə aparılır. Bundan əlavə, hesab edilir ki, ABŞ hüdudlarından kənardakı dələduzlar çox vaxt məhz 100 dollarlıq əsginazları saxta yollarla hazırlayırlar.
Ekspertlərin fikrincə, köhnə əskinaslardan yenilərinə keçid dövründə müəyyən çətinliklər yarana bilər. “Nyu-York tayms” qəzeti xatırladır ki, 1996-cı ildə ABŞ-da yeni 100 dollarlıq əsginazlar buraxılan vaxt Şərqi Avropa ölkələrində ajiotaj yaranmışdı: həmin ölkələrdə köhnə əsginazları etibarsız sayırdılar, hərçənd bunun üçün heç bir əsas yox idi.
Bununla əlaqədar, ABŞ Maliyyə Nazirliyi bildirib ki, köhnə pul nişanları dövriyyədən çıxarılana qədər onlar yeni pul nişanları ilə yanaşı istifadə ediləcək.