Azərbaycanda ilk dəfə “Modern Art Academy” adlı layihəyə start verilib
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi, “ADDIM” Yaradıcı Gənclər Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq “Modern Art Academy” adlı beynəlxalq layihəyə start verilib. “Qafqazinfo”nun məlumatına görə, noyabr ayı üçün planlaşdırılan layihə ilə bağlı tədbir və üzvlərin qəbulu keçirilib. Tədbirin aparıcılığını həyata keçirən Ramal Hüseynov “ADDIM” Yaradıcı Gənclər Assosiasiyasının təsisçilərindən biri olan Ülkər Qasımovaya söz verib. Ü.Qasımova “Modern Art Academy”nin müxtəlif sahələri – fotoqrafiya sənəti, dj və aranjeman, model işi, reklam və prodüser işi, event managment, vokal sənəti (estrada ifaçılığı) üzrə beş gün ərzində master-klassların təşkil olunacağını deyib. O bildirib ki, layihəyə dünyanın bir neçə ölkəsindən qeyd olunan sahələr üzrə mütəxəssislər cəlb olunacaq və məhz onların iştirakı ilə xüsusi dərslər tədris olunacaq. Assosiasiyanın digər təsisçisi Hüseyn Cavadzadə qeyd edib ki, bu dərslər tam ödənişsiz baş tutacaq və çoxsaylı yaradıcı gənclər bundan bəhrələnə bilərlər. “ADDIM”ın digər təsisçisi “Eurovision” qalibi Eldar Qasımov “Modern Art Academy”nin Azərbaycanın istedadlı gəncləri üçün şans olduğunu açıqlayıb: “Hər bir gəncin müxtəlif sahələr haqqında bilgilənməsi çox vacib şərtdir. O səbəbdən də həyata keçirəcəyimiz bu layihədən bəhrələnməyə dəyər”. Tədbirdə eləcə də Səhiyyə Nazirliyi içtimai səhiyyə və islahatlar mərkəzinin nümayəndəsi Aysel Hacıyeva, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə, “Park Bulvar” AVM-in pr meneceri Günay Malikqızı iştirak və çıxış ediblər.
Tədbirdə müğənnilər Səbinə Babayeva, Elnarə, eləcə də Eldar Qasımov öz musiqiləri ilə gənclər qarşısında çıxış ediblər. Tədbir çərçivəsində eləcə də gənclərin “Modern Art Academy”yə qeydiyyatı həyata keçirilib.
Qeyd edək ki, “Modern Art Academy” bu ilin noyabrda keçiriləcək və bir neçə gün davam edəcək.