Serialın 3 oktyabr tarixli yayımı isə əsil sensasiya sayıla bilər. Burada Polad Ələmdarın ən yaxın adamı Abdulhey Çoban Türkiyə Dərin Dövlətinin əsas simalarından olan “Hoca” ilə Azərbaycanla bağlı indiki siyasi məqama dair söhbət edirlər. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun prototipi sayılan “Hoca” Abdulheyə deyir ki, Azərbaycan iqtidarı Rusiyanın hazırladığı “Milyarderlər İttifaqı” təxribatının qarşısını ala bilsə də, lakin təhlükə yenə də davam edir. “Hoca” sözünə davam edərək, həm də Türkiyə Dərin Dövlətinin mövqeyini ortaya qoyur - Azərbaycandakı seçkidə indiki yönətimə dəstək verilsin.
Geniş seyrçi kütləsinə, eləcə də Azərbaycan auditoriyasına da təsir gücü olan bu cür reytinqli serialda Azərbaycanın daxili siyasətinin açıq bir mətnlə səhnələşdirilməsi qətiyyən təsadüfə oxşamır. Görünən budur ki, Azərbaycan iqtidarı filmin prodüserlərinə hər hansı bir vasitə ilə “yol tapıb” və “Kurdlar vadisi”ni seçkiqabağı reklam məlzəməsinə çevirməyi bacarıb.
Politoloq Natiq Miri hesab edir ki, Azərbaycan siyasətində artıq bütün sərhədlər çoxdan aşılıb: “Əslində, yalnız Azərbaycanda deyil, elə Qərb və Şərq ölkələrində də sərhədlər pozulub. Məsələn, Azərbaycan hakimiyyətinin prezidentliyə namizədinin dəstəklənməsi ilə bağlı bir neçə istiqamətdə iş aparılmaqdadır. Rusiyanın Dağıstanın rəhbəri Ramazan Abdulatitovun, eləcə də Gürcüstanın prezident Mixail Saakaşvilinin diliylə Azərbaycan hakimiyyətinin namizədini dəstəkləməsi bununla bağlı xüsusi bir təbliğat ssenarisinin mövcudluğunu düşünməyə əsas verir. İndi isə Türkiyənin yüksək reytinqli ”Kurtlar vadisi" teleserialında da Azərbaycan hakimiyyətini dəstəkləyən süjetlərin yer alması belə bir planın varlığını göstərir. Belə anlaşılır ki, hakimiyyətə yardım edən imicmeykerlər bu istiqamətdə ciddi şəkildə işləyə biliblər".
Natiq Miri hesab edir ki, bütün bunlara baxmayaraq, hakimiyyətə ölkə xaricindən verilən bu cür dəstəyin real nəticələrə yol aça biləcəyi də bir qədər şübhəlidir: “Çünki Azərbaycan vətəndaşları, seçicilər belə təbliğata inanacaq vəziyyətdə deyillər. Hazırda Azərbaycan seçiciləri yalnız ölkədə gördüklərinə və gündəlik həyatlarında üzləşdiklərinə daha çox inanırlar. İnsanlar öz şəxsi həyatlarında müsbət dəyişikliklərlə üzləşməzlərsə, xalq nə ”Kurtlar vadisi"nə, nə Abdulatipova, nə də Saakaşviliyə inanmazlar. Ona görə də, Azərbaycan hakimiyyəti ictimai rəyi öz tərəfinə çəkmək istəyirsə, “Kurtlar vadisi”ndə özünün təbliğatını əks etdirən süjet yerləşdirməkdənsə, ölkədə islahatlar apararaq xalqda öz gələcəyinə müsbət mənada inam yaratmağa çalışsaydı, daha doğru olardı. Azərbaycan kimi ölkələr üçün belə metodlara xərclənən külli miqdarda maliyyə vəsaiti, sadəcə, pulların havaya sovrulması anlamı daşıyır".
“Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev də hesab edir ki, hakimiyyətin belə metodlara əl atmasının heç bir anlamı yoxdur: “Kurtlar vadisi”ndə hakimiyyətin təbliğ olunmasının seçicilərə nəsə bir təsiri ola biləcəyi o qədər də inandırıcı deyil. Çünki seçki ilə maraqlanan insanlar əsasən teledebatlara baxırlar. Bəzi məlumatlara görə, bu teledebatlara artıq bir milyona yaxın insan baxıb. Digər telekanallardakı təhqirlərlə və uğursuz çıxışlarla dolu verilişlərə isə ümumiyyətlə, baxan yoxdur. Teledebatlara da məhz müxalifətin prezidentliyə namizədi Cəmil Həsənlinin çıxışlarına görə baxırlar. Əgər Cəmil Həsənli olmasaydı, heç teledebatlara da baxan olmazdı. Ancaq təbliğat kompaniyasında ən böyük uğuru internetdə müxalifətçi gənclər qazana bilib. Hakimiyyət təmsilçiləri bu azad fikirli gənclərin qarşısında aciz qalıb".
M.Əliyevin fikrincə, hakimiyyətin seçki təbliğatı üçün “Kurtlar vadisi” teleserialından yaralanmağa çalışması ucuz təbliğat taktikasıdır: “Çünki Azərbaycanda seçki mübarizəsi üçün normal vəziyyət yoxdur. Namizədlərə bərabər imkanlar yaradılmayıb. Əslində hakimiyyətin təbliğat metodları da yararsızdır. İqtidarın istifadə etdiyi vasitələr də keyfiyyətsizdir. Belə anlaşılır ki, hakimiyyətdə bu işi bilənlər demək olar ki, yoxdur və ona görə də, hər şeyi başdansovdu, necə gəldi edirlər. Ona görə də, ”Kurtlar vadisi" kimi seriallara əl atmaq hakimiyyətin özünü təbliğ etmək üçün artıq fikirləşib başqa vasitə tapa bilməməsindən xəbər verir".
/Yeni Müsavat/