Azərbaycan internetlə təchiz edilmiş ev təsərrüfatlarının yayılma faizinə görə 46,8%-lə 194 ölkə arasında 24-cü yeri tutub.
Bu Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) və UNESCO-nun birgə təsis etdiyi Rəqəmli İnkişaf üzrə Genişzolaqlı Komissiya (The Broadband Commission for Digital Development) tərəfindən hazırlanmış “State of Broadband Report”da (Dövlət Genişzolaqlı Hesabatı) qeyd olunub.
Azərbaycan bu göstəriciyə görə, MDB ölkələri arasında yalnız Qazaxıstandan, qonşu ölkələr arasında isə Türkiyədən geri qalır.
Qonşu Gürcüstanı, İranı, Ermənistanı və MDB-nin bir neçə ölkəsini isə geridə qoyub.
Hesabatda təqdim edilmiş reytinq cədvəllərinə əsasən Azərbaycan dünya üzrə fərdlərin internetdən istifadə faizinə görə Qazaxıstanı, Rusiyanı, Belarusu, Gürcüstanı, Moldovanı qabaqlayaraq 54,2%-lə 66-cı yeri tutub.
İnkişaf etməkdə olan 146 ölkə arasında tərtib edilmiş reytinq cədvəlində isə Azərbaycan MDB ölkələri arasında fərdi internet istifadəçilərinin yayılma faizinə görə 54,2%-lə 25-ci yerdə qərarlaşıb.
Bununla da Qazaxıstanı, Braziliyanı, Türkiyəni, Çini, Tailandı, İranı, İndoneziyanı, Hindistanı, Pakistanı və reytinqdə iştirak edən 141 ölkəni qabaqlayıb.
Mobil genişzolaqlı internetin hər 100 nəfərə düşən istifadəçi sayına görə Azərbaycan 33,3%-lə 50-ci yeri tutub.
Bu göstəriciyə görə isə Türkiyəni, İranı, Litvanı, Ukraynanı, Gürcüstanı, Ermənistanı və digər MDB ölkələrini geridə qoyub.
Dünya ölkələri arasında hər 100 nəfərə düşən stasionar genişzolaqlı internet istifadəçilərinin sayına görə isə reytinqdə Azərbaycan MDB ölkələri arasında ilk beşlikdə Litva, Latviya, Belarus və Rusiyanı geridə qoyaraq dördüncü yeri tutub və 194 dünya ölkəsi arasında 13,8%-lə 52-ci yerdə qərarlaşıb.
Bu reytinqdə Azərbaycan Türkiyə, Moldova, Qazaxıstan, Gürcüstan, Ermənistan, İran və s. ölkələri geridə qoyub.
Hesabatda yüksəksürətli internetlə təmin edilmiş ailələrin sayına görə (əhalinin 97%-dən çox hissəsi) Koreya Respublikası birinci yeri tutub.
Stasionar genişzolaqlı internet xidmətlərindən istifadə edən fərdi istifadəçilərin sayına görə rekord göstəricini (əhalinin 40%) İsveçrə göstərib.
Müqayisə üçün qeyd edək ki, ABŞ internetlə təmin edilmiş ailələrin sayına görə reytinqdə dünya üzrə 24-cü yeri, fərdi istifadəçilərin sayına görə isə Finlandiya və Yaponiyadan sonra 20-ci yeri tutub.
Hazırda dünyada əhalisi internetdən istifadə edən ölkələrin sayı 70-dən çoxdur. Dünya üzrə bu göstəriciyə görə ilk onluğa 8-ci yeri tutmuş Yeni Zelandiya və 10-cu yeri tutmuş Qətəri istisna etsək, Avropa ölkələri daxildir.