Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Oğuz rayonunun Padar kəndinə keçən ilin ikinci rübündən başlanan yeni qaz xətti çəkilişi başa çatıb və sakinlərin mavi yanacaq həsrətinə son qoyulub.
Bu münasibətlə təşkil edilən açılış mərasimində kənd sakinləri ilə bərabər, Oğuz Rayon İcra Hakimiyyəti və rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də millət vəkilləri, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri iştirak edib.
Bildirilib ki, əhalinin mavi yanacaqla təminatı üçün müasir standartlara uyğun infrastrukturun qurulması, bu sahədə xidmət səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində ardıcıl iş aparılır.
Qeyd edilib ki, kənd sakinlərinin mavi yanacaqla təminatı üçün ümumi uzunluğu 50.000 paqonometr polad boru ilə orta təzyiqli qaz xətti çəkilib. Artıq küçələrarası xətlər tamamlanıb.
Küçələrin yeraltı keçid hissələri izolyasiya edilib və borular rənglənib. Hazırda Padar kəndində 453 abonentlə müqavilələr bağlanaraq sayğacla təmin edilib.
Çıxışlardan sonra kəndə təbii qazın verilməsini bildirən məşəl alovlandırılıb. Təbii qazın evdə yandırılmasına baxış keçirilib.