Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata görə, temperatur rejiminin anomal gedişi gözlənilir, gecə və gündüz 11-15 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah şimşək çaxacağı, yağış yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 10-15, gündüz 15-19, dağlarda gecə və gündüz 4-9 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0 dərəcəyə yaxın olacağı gözlənilir.
Oktyabrın 6-dək respublikanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun 5-8 dərəcə aşağı enəcəyi və yağışların yağacağı gözlənilir. Temperatur rejimi ensə də, bütün kənd təsərrüfatı bitkilərinin inkişafı üçün istilik ehtiyatları kifayət qədər olacaq. Yalnız Mərkəzi Aran rayonlarında istilik çatışmazlığı ilə səciyyələnən yağıntılı və küləkli hava şəraiti pambığın yetişməsini, yığımını və qurudulmasını çətinləşdirəcək. Hava şəraiti ümumən üzüm və meyvə bağlarında, bostanlarda məhsulun yığımı və çoxillik otların biçini üçün əlverişsiz olacaq. Belə yağıntılar torpaqda məhsuldar su ehtiyatlarının toplanmasına əlverişli olsa da, payızlıq dənli bitkilər üçün ayrılmış sahələrdə səpin qabağı işlərin aparılması şəraitini çətinləşdirəcək.