Oktyabrın 2-si Xocavənd rayonunun işğal günüdür.
Bu gün Xocavənd rayonunun işğalından 21 il ötür.
Sahəsi 145 647 hektar olan Xocavənd rayonu 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı birləşmələrinin təcavüzü nəticəsində işğal olunub. 1 şəhər, 2 qəsəbə, 81 kənddən ibarət olan Xocavənd rayonu Ağdam-Füzuli dağətəyi düzənlikdə yerləşir.
Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazasında yaradılıb.
Rayonun işğal nəticəsində azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi yandırılaraq əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılıb, erməni vandalları tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə müəssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə dağıdılıb.
İşğal nəticəsində rayonun 1202 hektar meşə sahəsindəki qiymətli ağac növləri qırılaraq məhv edilib.
4 il ərzində ermənilərə qarşı inadlı müqavimət göstərilib, bu torpaqların hər qarışı uğrunda qanlar tökülüb, şəhidlər verilib. Qeyri-bərabər döyüşlərdə rayonun uşaqlı-qadınlı, cavanlı-qocalı bütün sakinləri qəhrəmanlıqla iştirak edib.
Xocavəndlilər öz ata-baba yurdlarının müdafiəsi uğrunda 145 nəfər şəhid verib, bu isə rayonun azərbaycanlı əhalisinin hər 50 nəfərindən biridir.
Dağlıq Qarabağın 14000 hektar ərazisi düşməndən azad edilib. Hazırda həmin ərazilər ordumuzun nəzarəti altındadır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Xocavənd rayonunda ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən daşınıb, Xocaşın çayının kənarlarında bitən təbii meşə məhv edilib.
Ötən 20 il ərzində rayonun Kurapatkin adlanan ərazisində ermənilər tərəfindən 6000 hektara qədər ərazidə olan ağaclar (əncir, tut, nar, fıstıq, yemişan, palıd, qarağac və digər növlər) qırılaraq məhv edilib.
Özünəməxsus təbii sərvətləri, təbiət abidələri olan qədim yaşayış məskənlərindən sayılan Xocavənd rayonunda ehtiyatları 2034 min kubmetr olan və üzlük daşı istehsalına yararlı Ediş qabbro, ehtiyatları 989 min ton olan, əhəng istehsalına yararlı Xocavənd əhəngdaşı, proqnoz ehtiyatları 90,33 min m3/gün olan yeraltı şirin su yataqları var.
Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 1000 və diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 2000 yaşlı Şərq çinarı təbiət abidəsi kimi qorunurdu.
Xocavənd rayonunun Qarakənd kəndində respublikanın “Qırmızı kitab”ına daxil olmuş III dövrün relikt növünə aid, orta diametri 24 sm, hündürlüyü 12 m, yaşı 100 ildən artıq olan azat ağacları da mühafizə olunurdu.