Nazir İsmət Abasov yeni təyinat münasibətilə səfir Robbert Qabriyelseni təbrik etmiş və Azərbaycandakı diplomatik fəaliyyətlərində ona uğurlar arzulayıb.
Sonra nazir İsmət Abasov Azərbaycan və Niderland Krallığının kənd təsərrüfatı sahəsində geniş potensiala malik olduğunu qeyd etmiş, bu potensialın reallaşdırılması və kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin daha da artırılması üçün əməkdaşlığın gücləndirilməsinin vacib olduğunu bildirmişdir. Nazir İsmət Abasov Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa İttifaqı, o cümlədən Niderlanda heyvan və bitki mənşəli məhsullarının ixracının asanlaşdırılması məqsədilə müvafiq olaraq baytarlıq və fitosanitariya sahələrində ikitərəfli sazişlərin imzalanmasının zəruri olduğunu qeyd edib.
Daha sonra nazir İsmət Abasov Azərbaycanda aqrar sahənin ümumi inkişaf konsepsiyası, bu sahədə baş verən müsbət artım dinamikası, dövlət başçısı cənab İlham Əliyev tərəfindən bu sahənin inkişafına verilən dəstək barədə qarşı tərəfə ətraflı məlumat vermişdir. Nazir İsmət Abasov son 10 ildə həyata keçirilmiş radikal iqtisadi islahatlar nəticəcəsində Azərbaycanda yoxsulluqla mübarizə sahəsində əldə edilmiş uğurlar sayəsində regionlarda yaşayan insanlarının və kənd əhalisinin rifah halının yaxşılaşdığını səfirin diqqətinə çatdırmışdır.
Görüşdə, həmçinin Dövlət Aqrar Universitetinin magistr, doktorant və müəllim heyətinin Niderlandın aqrar yönümlü təhsil imkanları, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, sertifikatlı toxumçuluğun və tingçiliyin təşkili sahəsində birgə texniki yardım layihələrinin həyata keçirilməsi məsələləri müzakirə edilib.
Səfir Robbert Qabriyelse səmimi qəbula görə təşəkkürünü bildirərək Azərbaycanın regionda artan rolunun və iqtisadi tərəqqisinin təqdirəlayiq olduğunu, həmçinin hər iki ölkənin kənd təsərrüfatı sahəsində böyük potensiala və ənənəyə malik olduğunu, bu potensialın hərtərəfli şəkildə reallaşdırılması məqsədilə mövcud imkanların daha yaxından araşdırılmasının vacibliyini qeyd etmiş və fəaliyyəti dövründə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində öz səylərini əsirgəməyəcəyini bildirib.