Tədbirdə çıxış edən Salyan rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov uzun illər Xıdırlı kəndində içməli su probleminin olduğunu qeyd etmiş, “Azərsu” ASC tərəfindən həyata keçirilmiş layihənin icrası nəticəsində qısa müddətdə kəndin su təchizatının yaxşılaşdırıldığını diqqətə çatdırmışdır. O, gələcəkdə rayonun digər kəndlərində də içməli su layihələrinin icra ediləcəyini bildirib.
“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq içməli su çatışmazlığı müşahidə olunan yüzlərlə yaşayış məntəqələrində yeni infrastrukturların yaradıldığını bildirmişdir: “Möhtərəm Prezident İlham Əliyevin əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq içməli su problemi müşahidə olunan kəndlərdə təxirəsalınmaz tədbirlər görülür. Bəzi kəndlərdə ilk dəfə olaraq mərkəzləşdirilmiş su təchizatı sistemi yaradılır, elə kəndlərimiz də var ki, həmin yerlərdə vaxtilə yaradılmış infrastruktur istismar müddətini başa vurduğundan əhalinin tələbatını ödəmək iqtidarında deyil. Xıdırlı kəndində də belə vəziyyət yaranmışdır və layihə çərçivəsində kəndə yeni magistral su xətti çəkilmiş və paylayıcı şəbəkə yaradılmaqdadır. 2013-cü ildə “Azərsu” ASC tərəfindən Masallı, Yardımlı, Lerik, Qusar, İsmayıllı, Qobustan, Balakən, Zaqatala, Gədəbəy və digər rayonların kəndlərində su layihələrinin icrasına başlanmış və bəzi yaşayış məntəqələrində işlər yekunlaşmışdır”. Etibar Məmmədov 2014-cü ildə Şirvan-Muğan kəmərindən Salyan rayonunun 17 kəndinə keyfiyyətli suyun veriləcəyini də diqqətə çatdırıb.