APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bu barədə İranın Ətraf Mühitin Qorunması və Ekologiya Təşkilatının rəhbəri xanım Məsumə Ebtekar Tehran Universitetində Urmiya gölü ilə bağlı keçirilmiş konfrans zamanı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, İranın “Milli Ekologiya Fondu” haqqında qanun icra edilməsi üçün 2005-ci ildə müvafiq orqanlara təqdim olunub: “Bu qanunun icrası ilə bu fondun maliyyə mənbələrindən bir çoxunu olduqca önəmli olan Urmiya gölünün problemlərini həll etməyə sərf etmək olar. Bu fondun maliyyə mənbələrinin təmin edilməsi üçün xalqın, dövlətin və beynəlxalq mənbələrin yardımları vacibdir. Bu fondun mənbələrindən istifadə etməklə Urmiya gölündən əlavə, gələcəkdə ölkənin bir çox milli ekologiya layihələrini də icra etmək olar”.
Qeyd edək ki, konfransda Urmiya və Təbriz universitetlərinin, həmçinin bir sıra elmi-tədqiqat müəssisələrinin ekologiya mütəxəssisləri Urmiyə gölünün xilası və yenidən bərpa edilməsi ilə bağlı öz həll yollarını təqdim ediblər.
Xatırladaq ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv. km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub.