Azərbaycanda qeyri-sabit hava şəraiti sentyabrın 29-dək davam edəcək.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər.
Məlumata görə, respublikanın rayonlarında arabir yağışlı və küləkli hava şəraiti gözlənilir. Temperatur rejimi bütün kənd təsərrüfatı bitkilərinin inkişafı üçün, o cümlədən, Mərkəzi Aran rayonlarında pambığın yetişməsi üçün kifayət qədər əlverişli olacaq: "Küləkli hava şəraiti bəzən pambığın yığımı və qurudulması, üzümün, meyvə və bostan bitkilərinin yığımı, çoxillik otların biçini və yağıntılarla birgə bəzən səpiləcək payızlıq dənli bitkilər üçün nəzərdə tutulan tarlalarda səpinqabağı işlərin aparılmasını çətinləşdirəcək. Bəzi rayonlarda gözlənilən yağıntılar torpağın su təminatının yaxşılaşdırılması və məhsuldar su ehtiyatlarının toplanması üçün əlverişli olacaq".
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 15-18, günün birinci yarısında 21-25, axşama doğru 14-16 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sentyabrın 28-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17, gündüz 24-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.