“Səhər saatlarında qəribə bir səs eşidik. Hiss etdik ki, bu torpaq aşınmasıdır. Uşaqları tez oyadıb həyətə çıxdıq. Evin divarlarına baxanda gördük ki, iri-iri çatlar əməl gəlib". Bu sözləri ANS PRESS-ə Bakı şəhəri Zığ qəsəbəsinin Hatəm Allahverdiyev küçəsinin sakinləri söyləyib.
Onların sözlərinə görə, 2-3 gündür aram-aram davam edən sürüşmə prosesi bu gün səhər saatlarında daha da aktivləşib. Hadisə yerində olan ANS PRESS əməkdaşı hadisə yerində dəhşətli mənzərə ilə qarşılaşıb. Divarlarında iri çatlar əməl gələn evlərin sakinləri hadisədən çox narahat olduqlarını və evlərində yaşamaqdan qorxduqlarını bildiriblər.
Onların sözlərinə görə, hadisə yerinə heç bir dövlət orqanın əməkdaşları gəlməyib. Bu evlərdə yaşayan uşaqlar isə heç nədən xəbərsiz yaşayırlar. Amma onların valideyinləri son zamanlar daha da aktivləşən sörüşmə hallarından çox narahatdılar. Evlərdən birinin sakini olan Səhrayə xalanın dediklərinə görə qızının bir iki günə toyu olacaqmış, amma evlərinin sürüşməsi qızlarına yığdıqları cehizi bərbad vəziyyətə salıb. Hadisə yerində hər an ayaq basan kimi sürüşəcək yollara dağılan kanalizasiya borularına, təzə bünövrəsi qoyulan evlərin uçmuş divarlarına da rast gəlmək olur.
Vəziyyət daha da pisləşə bilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov ANS PRESS-ə açıqlamasında bildirib ki, hazırda həmin ərazidə gərginlik davam edir.
“Həmin ərazi köhnə sürüşmə zonasıdır. Orada 3 gün bundan qabaq da sürüşmə müşahidə olunurdu. Orada 78 ev var. Həmin evlərin kanalizasiya sistemi yoxdur. Bu səbəbdən də çirkab tullantıları torpağa axıdılır. Bir neçə gün yağan yağış nəticəsində də, vəziyyət daha da gərginləşib. Hazırda hadisə yerində işçi qrupu yaradılıb, yoxlamalar aparılır”, - deyə Bəxtiyar Qaralov bildirib.
ETSN milli geoloji kəşviyyat xidmətinin baş mühəndisi Şaiq Niftiyev isə bildirir ki, Fövqəladə Hallar Nazirliyi ilə birgə işçi qrupu yaradılıb, yoxlama aparılır, sonda təkliflər planı hazırlanaraq müvafiq dövlət strukturlara təqdim ediləcək. yoxlamalardan sonra həmin ərazidə evlərin təhlükəsizliyi barədə məlumat veriləcək.