Pakistanın cənub-qərbində, Bəlucistan əyalətində baş vermiş güclü zəlzələ nəticəsində 208 nəfər həlak olub.
Bu barədə məlumatı Qərb KİV-ləri Pakistanın yerli hakimiyyət orqanlarına istinadən yayıb. ABŞ-ın Geoloji Xidmətinin yaydığı məlumata əsasən, zəlzələnin maqnitudasi 7,7 bal təşkil edib.
Seysmoloqların bildirdiyinə görə, yeraltı təkanların episentri Bəlucistan əyaləti ərazisində, Avaran şəhərinin 66 kilometr şimal-şərqində olub, zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.
Zəlzələdən sonra dalbadal dörd dəfə “aftershock” qeydə alınıb. Ən güclü afterşokun maqnitudası 5,9 bal təşkil edib.
Bəlucistan ərazisinə görə, Pakistanın ən böyük, əhalinin sıxlığının isə ən aşağı olduğu (təxminən 8 milyon sakin) əyalətidir. Yeraltı təkanlar bir neçə dəqiqə ərzində Heydərabad, Larkan şəhərlərində və digər yaşayış məntəqələrində hiss olunub.
Hindistan KİV-lərinin yaydığı məlumata görə, zəif təkanlar Dehli şəhərində və Hindistanın şimal bölgələrində qeydə alınıb.