Mərkəzi Seçki Komissiyası nəzdində mətbuat qrupu bəyanat yayıb. AzərTAc-ın məlumatına görə, bəyanatda deyilir:
Son vaxtlar Seçki Məcəlləsinin tələblərinə görə seçkiqabağı təşviqat prosesində ümumiyyətlə iştirak etmək hüququ olmayan, respublikamızın ərazisində yayımlanan “Azadlıq radiosu TV”, “Amerikanın səsi” və BBC radiostansiyaları kimi nüfuzlu xarici KİV-lər bir çox hallarda seçki prosesini işıqlandırmaq adı altında qanunsuz təşviqat və əks-təşviqat aparır, bununla da bəzi siyasi maraqların təmsilçisinə çevrilərək seçicilərin ədalətli məlumat almaq hüquqlarını pozmuş olurlar.
Baş verənlərdən təəssüf hissi keçirən Mərkəzi Seçki Komissiyası nəzdində mətbuat qrupu bəyan edir ki, seçki qanunvericiliyinin tələblərinə görə seçkiqabağı təşviqat yalnız belə fəaliyyətə səlahiyyəti olan subyektlər tərəfindən, qanunvericiliklə müəyyən olunmuş vasitələrlə və qaydalara əməl edilməklə sentyabrın 16-dan oktyabrın 8-i saat 8:00-dək aparıla bilər.
Qeyd edilən tələblərə zidd olan, seçkiqabağı təşviqat qaydalarının pozulmasına gətirib çıxaran, hər hansı bir namizədin lehinə, yaxud əleyhinə olan və ya belə yozula bilən təşviqat materiallarının KİV-lərdə dərc edilməsi və yayımlanması, xüsusilə də buna hüququ olmayan KİV-lər tərəfindən seçkiqabağı təşviqat aparılması qəti qadağandır. Belə qanunsuz təşviqat, əleyhinə təşviqat aparılan subyektlərin hüquqlarının pozulmasına səbəb olmaqla yanaşı lehinə təşviqat aparılan subyektlərin qanunvericiliyə uyğun məsuliyyət daşımasına yol açır və onların qanuni seçki maraqlarına tam ziddir.
Mərkəzi Seçki Komissiyası nəzdində mətbuat qrupu bu prosesdə kütləvi informasiya vasitələri tərəfindən qanunvericiliyin tələblərinə ciddi riayət olunmasının vacibliyini xüsusi vurğulayır, həmin tələblərə əməl olunmamasının qanuni məsuliyyət doğurduğunu onların nəzərinə çatdırır və inanır ki, həmin qurumların rəhbərləri və digər media mənsubları öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.