Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində milli kinomuzun 115 illiyi ilə əlaqədar tədbirlər çərçivəsində yeni Azərbaycan filmlərinin təqdimatına start verilmişdir.
Mərasimdə Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları, “Özbəkkino” Milli Agentliyinin nümayəndələri, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin üzvləri, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin müəllim və tələbə heyəti, Daşkənddə yaşayan soydaşlarımız, jurnalistlər iştirak etmişlər.
Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan kinosunun uğurlarından danışmış, yeni filmlərin çəkilişinə dövlət tərəfindən dəstəyin artırıldığını bildirmişdir. O demişdir ki, “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Qayınana”, “Əhməd haradadır”, “Görüş” və digər filmlərimiz Özbəkistanda da məşhurdur və müntəzəm olaraq televiziya kanallarında nümayiş etdirilir.
Təqdimat mərasimində çıxış edən “Özbəkkino” Milli Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Asya Batrayeva Azərbaycan kinolarının Özbəkistanda həmişə maraqla qarşılandığını, yeni Azərbaycan filmlərinin də maraqla izlənəcəyinə əmin olduğunu bildirmişdir. O, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsünü yüksək qiymətləndirmiş, gələcəkdə birgə layihələrin həyata keçirilməsinə ümid etdiyini söyləmişdir.
Yeni Azərbaycan kinolarının nümayişinə 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında çəkilmiş “Niyyət” filmi ilə başlanmışdır. Filmin rejissoru Samir Kərimoğludur.
Məlumat verilmişdir ki, “Niyyət” filmi 2010-cu ildə Qazaxıstanda keçirilən “Şaken ulduzları” festivalında iştirak etmiş, “İlin filmi” nominasiyasında Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Zirvə” mükafatına layiq görülmüşdür.
Salona toplaşanlar filmin əhəmiyyəti haqqında danışmış, yeni Azərbaycan filmlərinə böyük maraq göstərdiklərini bildirmişlər.