Sentyabrın 21-də Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində fəaliyyət göstərən Mətbuat Qrupunun növbəti iclası oldu. MSK üzvü, Azər Tağıyev sentyabrın 19-da İctimai Televiziyanın efirində prezidentliyə namizədlər üçün ayrılan efir vaxtı zamanı baş verənlərə qrupun münasibət bildirilməsinin vacibliyini vurğuladı..
A. Tağıyev əlavə etdi ki, Cəmil Həsənli və Hafiz Hacıyev arasında baş verən bu konflikt Seçki Məcəlləsinin və qanunvericiliyin tələblərini pozub və münaqişə zamanı debatda iştirak etməyən digər namizədin də ünvanına təhqiramiz ifadələr səslənib: “Burada münaqişəyə aidiyyatı olmayan dövlət başçısı İlham Əliyevin də ünvanına kəskin ifadələr səsləndirilib. Həmçinin, sübut göstərilmədən Cəmil Həsənli tərəfindən prezident İlham Əliyevin adı iqtisadi cinayətkarlıqda hallandırılıb. Bununla yanaşı Hafiz Hacıyev tərəfindən digər namizəd Cəmil Həsənliyə butulka atılıb. Hər iki namizəd tərəfindən yol verilən bu hərəkətlər, seçki məsələsinə aid olmayan məqamların – ailə məsələlərinin qabardılması yolverilməz hesab edir”.
İTV-nin departament rəhbəri Mehparə Quliyeva təmsil etdiyi qurumun mövqeyini açıqladı və dedi ki, İTV belə hərəkətləri pisləyir: “Cəmil Həsənli öz vaxtından 6 dəqiqə artıq da istifadə edib. Əlbəttə biz debatda ailə məsələlərinin müzakirəsinin tərəfdarı deyil. Toxunulmazlığı qanunvericiliklə qorunan prezidentin ünvanına əsassız ittihamların İTV-də yayımlanan debatda nümayiş etdirilməsi qəbuledilməzdir”. O, namizədləri debat mədəniyyətinə əməl etməyə çağırdı.
MSK üzvü Fuad Cavadov bildirdi ki, fəaliyyətdə olan prezident İlham Əliyevin hüquqlarının qorunması qanunun tələbidir. Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin tam haqqı var ki, bu faktla bağlı məhkəməyə müraciət etsin və günahkar cəzalandırılsın. F. Cavadov qeyd etdi ki, prezidentliyə namizədlərin əməllərindən Seçki Məcəlləsinin müddəaları əsas gətirilərək MSK-ya müraciət edilməlidir: “Ailə məsələlərinin debata çıxarılması milli mentalitetə uyğun deyil. Ümumiyyətlə orada bəzi namizədlər tərəfindən səsləndirilən fikirlər Azərbaycanın beynəlxalq imicinə xələl gətirir. Söz azadlığı olsa da belə hallar yolverilməzdir”.
MSK Katibliyinin əməkdaşı Azər Sarıyev isə bildirdi ki, namizədlər efir vaxtının İTV tərəfindən deyil, MSK tərəfindən ayrıldığını bilməlidirlər. O dedi ki, bu məsələyə MSK-nin münasibət bildirməsi daha doğru olardı.
A. Tağıyev Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini Əli Əhmədovun MSK-ya adıçəkilən faktla bağlı müraciət etdiyini də xatırlatdı.
Almaz Qəhrəmanlı isə dedi ki, debatda bu cür xoşagəlməz halların yaranmasının səbəblərini doğuran hallar olub. Onun sözlərinə görə, burada təhrikedici hal da mövcuddur: “Cəmil Həsənli MSK tərəfindən prezidentliyə namizədliyi qeydiyyata alınıb. İlk yanlış yanaşma birinci debatda Əli Əhmədovun Cəmil Həsənlinin əlilliyinin qabardılması olub. İkinci debatda baş verən olay isə digər namizədlərin təhrikedici ifadələri də buna səbəb olub. Digər namizədlər də odun üzərinə su tökmək əvəzinə, neft tökdülər. Cəmil Həsənli həqiqi ziyalıdır, çox səbirli, təmkinli, millət və dövlət üçün xeyirli işlər görmüş bir şəxsdir. Cəmil Həsənlinin üzərinə təhqirli ifadələr işlətmək debatda qarşıdurmaya buna səbəb olub. Hesab edirəm ki, təhqir edən, təhrik edən, təhqir olunan araşdırılmalıdır”.
Mövzu ilə bağlı aparılan müzakirələrin yekunu olaraq, qərara alındı ki, debatda baş verənlər MSK tərəfindən və hüquqi qiymət verilsin. Həmçinin Mətbuat Qrupu prezidentliyə namizədləri belə hərəkətlərə yol verməməyə çağırdı.(musavat.com)