Paytaxtda III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.
Bununla bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mətbuat konfransı keçirib.
Konfransda sentyabrın 23-dən 25-dək baş tutacaq yarmarka ilə bağlı geniş məlumat verib. Bildirib ki, sərgi-yarmarka Milli Kitabxananın 90 illik yubileyi ilə eyni vaxta təsadüf etdiyi üçün builki mərasimin geniş keçirilməsi qərara alınıb. Bunun üçün sərgi-yarmarka ilk dəfə olaraq açıq havada olacaq. Sərgi-yarmarka Bakıda Gənc Tamaşaçılar Teatrı ilə Akademik Opera Balet Teatrının qarşısındakı açıq ərazidə olacaq.
Bu satış-yarmarka Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunacaq.
Nazir daha sonra qeyd edib ki, hər zaman olduğu kimi bu dəfə sərgi-yarmarkada kitab satışı və nümayişi üçün sahələr və bütün stend avadanlıqları iştirakçılara ödənişsiz veriləcək. Həmçinin sərgi-yarmarkada 100-dən çox milli və təşkilat nümayəndələri iştirak edəcək. Həmçinin 25 ölkədən olan 40 təşkilat yarmarka-sərgiyə qatılacaq.
Ə.Qarayev bildirib ki, kitab nəşrinin inkişafı ilə bağlı müvafiq addımlar atır:
“Məhz keçirdiyimiz sərgi-yarmarkanın sayəsində özəl kitab mağazaları və nəşriyyatların sayı artıb. Azərbaycanda nəşr olunan kitablar dünyanın bir sıra beynəlxalq kitab sərgilərində nümayiş olunur”.
Tədbir zamanı o da bəlli olub ki, keçiriləcək sərgi-yarmarkada dünyanın 65 ölkəsindən ziyarətçi iştirak edəcək.
Nazirin çıxışından sonra mətbuat konfransında III Bakı Beynəlxalq Kitab sərgi-yarmarkasının rəsmi veb-səhifəsi təqdim olunub.
Tanışlıq zamanı bildirilib ki, sərgi-yarmarkanın fəaliyyəti ilə bağlı məhz http://bakubookfair.com- saytından geniş məlumat əldə etmək olar.
Qeyd edək ki, sərgi-yarmarkanın rəsmi açılışı sentyabrın 23-də saat 11:00-da olacaq. Sərgi-yarmarkanın iş qrafiki: hər gün saat 10:00-dan 18:00-a qədərdir.
III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyidir.