Azərbaycan Prezidenti İlham Əliyev Şəmkir rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Şəmkir rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Şəmkir Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılsın.
Dövlət başçısı, həmçinin Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Şəmkir şəhərində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tikintisinə başlamaq üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamlarda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.