Azercell Telekom MMC sentyabrın 17-dən etibarən bölgələrdə olan Sim-Sim abunəçiləri üçün yeni tarif istifadəyə verib. “Qafqazinfo”nun məlumatına görə, bölgələrdə olan abunəçilər istiqamətindən asılı olmayaraq yeni tariflə daha güzəştli qiymətlərlə danışa biləcək. Bu tarif Azercell-in 2012-ci ilin martında başladığı və cari ildə yay regional kampaniyaları ilə davam etdirdiyi şirkətin regionlarda mobil rabitənin inkişaf strategiyasını davam etdirir.
Bölgə tarifini seçən abunəçilər rayonlarda 1 dəqiqəsi 5 qəpik, Bakı və Abşeronda isə 1 dəqiqəsi 10 qəpik tarifi ilə danışacaqlar. Beləliklə, abunəçilər şəbəkədaxili zənglərdə 30-50%, şəbəkəxarici zənglərdə isə 50-65% endirim əldə edəcəklər. Həmçinin, bölgələrdə bu tarif çərçivəsində edilən şəbəkədaxili zənglər 3-cü dəqiqədən sonra pulsuz olacaq, yəni abunəçi 40 dəqiqə üçün cəmi 15 qəpik ödəyəcək.
Yeni Bölgə tarifinə qoşulmaq üçün fakturasız xətt abunəçiləri 7575 qısa nömrəsinə BOLGE sözünü göndərməlidir. Yeni tariflə danışıq zamanı hesablama intervalı 10 saniyədir.
Tarif haqqında daha ətraflı məlumat almaq üçün Azercell-in rəsmi www.azercell.com saytına müraciət etmək olar.