Sentyabrın 17-də Lənkəranın daha iki yaşayış məntəqəsinə – Bəlləbur və Mamusta kəndlərinə təbii qazın verilişinə başlandı.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən kənd sakinləri 21 illik fasilədən sonra ilk dəfə kəndlərə təbii qazın verilməsindən keçirdikləri sevinc hisslərini ifadə etdilər, onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısına dərin təşəkkürlərini bildirdilər.
“Azəriqaz” İstehsalat Birliyinin tikinti departamentinin rəis müavini Kamran Cəfərov mavi yanacağın evlərə bərəkət və sevinc gətirməsini arzuladı.
Daha sonra Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov çıxış edərək bildirdi ki, bu gün respublikamızda vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində dövlət proqramları həyata keçirilməkdədir. Bu, hər şeydən əvvəl, ölkə başçısının vətəndaşlara, xüsusilə ucqar kənd və qəsəbələrdə yaşayan sakinlərə göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir. Əbəs deyil ki, son 1 ildə cənab Prezident İlham Əliyev təkcə Lənkəranda sosial-iqtisadi sahənin daha da inkişafı, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün 8 sərəncam imzalayıb.
Bu sərəncamların icrası nəticəsində rayonun yol infrastrukturunun böyük hissəsi əsaslı olaraq təmir edilib, bir hissəsi isə yenidən qurulub. Rayonun bir sıra qəsəbə və kəndlərində müasir standartlara cavab verən orta məktəb binaları və səhiyyə ocaqları tikilərək istifadəyə verilib. Lənkəran Mərkəzi Rayon Xəstəxanası beynəlxalq tələblərə cavab verən səviyyədə əsaslı təmir edilib.
Çıxışlardan sonra kəndlərə təbii qazın verilməsini bildirən məşəllər alovlandırıldı.
Məlumat üçün bildirək ki, Bəlləbur kəndində əhaliyə təbii qazın verilməsi üçün ərazidə ümumilikdə 7516 metr uzunluğunda polad boru çəkilmiş, 144 sayğac quraşdırılıb. Mamusta kəndində isə 42700 metr polad boru çəkilmiş, 1250 sayğac quraşdırılıb.