Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür.
Həmin gün sadəcə musiqisevərlərin yox, həm də xalqımızın bayramıdır.
Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş.
1995-ci ildə, dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində isə Prezident Heydər Əliyevin fərmanı ilə sentyabrın 18-nin Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.
Mədəniyyət və Turizm Nazirliyindən Gün.Az-a verilən məlumata əsasən, hər il ənənəvi olaraq keçirilən Üzeyir Musiqi Günü münasibətilə respublikamızda bir çox konsertlər, tədbirlər, sərgilər təşkil olunacaq.
2009-cu ildən bu yana, hər il sentyabrın 18-dən 28-dək keçirilən Beynəlxalq Musiqi Festivalında bu il görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər.
Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən builki festivalın proqramına aşağıdakı tədbirlər daxildir:
Səhər saat 10:00 – Fəxri Xiyabanda Üzeyir Hacıbəylinin, habelə görkəmli mədəniyyət və incəsənət xadimlərinin məzarlarının ziyarəti.
Saat 10:30-da Milli İncəsənət Muzeyinin bağında yerləşən “Güllələnmiş heykəllər” abidəsinin ziyarəti.
Saat 11:00-da Bakı Musiqi Akademiyasının qarşısında Üzeyir Musiqi Gününə həsr olunmuş tədbir. Tədbirdə Dövlət Xor Kapellası, Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri iştirak edəcək.
Saat 14:00-da isə bəstəkarın ev muzeyində “Buta” kamera xoru, incəsənət ustaları və musiqiçilərin çıxışı olacaq. Bədii rəhbər Elnarə Kərimovadır.
Saat 19:00-da Akademik Opera və Balet Teatrında Beynəlxalq Musiqi Festivalının açılışı olacaq. Festival Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illiyinə həsr olunacaq.
Dirijor Cavanşir Cəfərov, solistlər Fərid Əliyev, Afaq Abbasova, Şahlar Quliyev, Fidan Hacıyeva, Gülyaz Məmmədova, Ələkbər Əliyev, Telman Əliyevdir.