Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı videolara görə bir sıra maddələrlə ittiham olunan sabiq deputat Gülər Əhmədovanın fevralın 13-də qəfil həbsi hamıda təəccüb yaratdı. Təxminən 6 aya yaxın bir müddətdə E.Abdullayevin video-basqıları ilə üzləşən G.Əhmədovanın deputat mandatından imtinasından sonra həbs edilməməsi bir çox suallar yaratsa da, cəmiyyət bu cür Azərbaycansayağı reallığı qəbul etmişdi.
Amma fevralın 13-də axşam gözlənilmədən Bakı şəhər Prokurorluğunun təqdimatı ilə Səbayel Rayon Məhkəməsi sabiq deputat barədə iki aylıq həbs qərarı çıxardı. Yarımqapalı keçirilən məhkəmədən məxfi çıxarılan sabiq deputat Kürdəxanı təcridxanasına aparıldı. Media bu qəfil həbsin əsas versiyası kimi onun ruslarla qohum olanlarla bağlı dediklərinə bağladılar. Xatırladaq ki, Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun “nənəsi ermənidir” ittihamlarına cavab olaraq G.Əhmədova demişdi ki, gərək o zaman 20 Yanvar qırğınını törədən ruslarla qohum olanların uşaqlarına da vəzifə verilməsin. İddialara görə, Gülər Əhmədovanın həmin açıqlaması hakimiyyətin ən üst qatlarındakılara yönəldiyi üçün onun həbsinə qərar verilib.
Etibarlı mənbənin redaksiyamıza verdiyi məlumata görə isə G.Əhmədovanın həbsinin əsas səbəbi maraqlı qüvvələrin onu aradan götürmək planı ilə bağlı olub. Polis nəzarətində olsa da, G.Əhmədova həbsinədək şəhər daxilində sərbəst hərəkət edə bilib. Mənbənin məlumatına görə, son günlər G.Əhmədovanın gedib-gəldiyi yerlərdə müəmmalı hərəkətlilik nəzərə çarpıb və onun daha kimlərsə tərəfindən izləndiyi üzə çıxıb. Təbii ki, G.Əhmədova bunun fərqində olmayıb. Amma belə görünür ki, sabiq deputat təkcə 2-3 polisin deyil, daha ciddi orqanların da nəzarəti altında olub. G.Əhmədovanın evinin ətrafında və gedib-gəldiyi yerlərdə müəyyən gərginlik nəzərə çarpan kimi dərhal hakimiyyətin ən üst düzəyinə (çox güman ki, 1-ci şəxsə) bu barədə məlumat verilib. Təhlükənin ciddiliyi səbəbindən heç kimin gözləmədiyi halda, hətta kiçik oğlunun ad günü olmasına baxmayaraq, G.Əhmədovanın həbsinə qərar verilib. Hakimiyyət G.Əhmədovanın aradan götürülməsinin seçki ərəfəsi ona daha ciddi problem yaradacağını düşünərək, sabiq deputat barəsində bu cür radikal qərar verməyə məcbur olub.
Mənbəmizin sözlərinə görə, G.Əhmədovanın MTN-ə aparılması barədə xəbərlər də təsadüfi olmayıb. “Doğrudan da belə bir plan olub ki, Gülər Əhmədovanı daha etibarlı yerdə saxlasınlar. Amma sonradan qərar dəyişib. Çünki Gülər Əhmədova çox şey danışa bilər və Hacı Məmmədov məsələsindən sonra MTN bu işlərə qarışmaq istəmir.”
Məlumata görə, G.Əhmədova indi Kürdəxanı təcridxanasının 1 nömrəli məhbusudur və onun həyatı üçün başda Mədət Quliyev olmaqla, Penitensiar Xidmətin bütün əməkdaşları məsuldur. İddialara görə, o, kamerada tək saxlanılır: “Onun Ulduzə adlı qadınla saxlanması barədə deyilənlər ciddi söhbət deyil. Əgər belə bir qadın varsa, o, Penitensiar Xidmətin əməkdaşı kimi Gülər Əhmədovaya köməkçi kimi verilib".