Hacıqabul rayonunda 2 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən dəhşətli yol qəzası baş verib.
Hadisə Bakı-Qazax yolunun 161-ci kilometrliyində rayonun Padar kəndi ərazisində qeydə alınıb.
“Mercedes” markalı iki minik avtomobillərinin toqquşması nəticəsində avtomobillərdə olan sərnişinlər Bakı sakinləri, 27 yaşlı Emil Əkbər oğlu Kərəmov və 9 yaşlı Tural Səbuhi oğlu İsayev hadisə yerindəcə dünyalarını dəyişiblər.
Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan daha 5 nəfər isə Şirvan, Hacıqabul və Kürdəmir rayon mərkəzi xəstəxanalarına yerləşdirilib.
Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xüsusi alətlərdən istifadə olunmaqla sərnişinlərdən biri avtomobildən çıxarılıb və təcili yardım xidmətinə təhvil verilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.