"YARAT" Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə bu gündən etibarən “Rezin ördək balası” Bakı buxtasında üzəcək.
“Qafqazinfo” APA.TV-yə istinadən xəbər verir ki, “Rezin ördək balası” Nyu-York, Tokio, Osaka, San-Paulo və dünyanın dünyanın bir çox şəhərlərində marağa səbəb olub. İdeyanın müəllifi olan hollandiyalı Florentin Hofman ördək balası ilə birlikdə dünyanı səyahət edir.
İdeya 2007-ci ildə rəssamın doğma şəhəri olan Rotterdamda yaranıb. Florentin adi əşyalarda gözəl tərəfləri görməyi bacaran bir rəssamdır, ilhamlanmaq üçün muzalara və qədim filosoflara deyil, müasirlərinin təcrübəsinə müraciət edir. Rəssam məişət və insan mühiti mövzusuna xüsusi diqqətlə yanaşır. Bu isə rəssamın işlərinin universal dilə sahib olmasına səbəb olan amildir. Onun yaradıcılığı "muzey" formatına məxsus incəsənət ab-havasına qarşı yüngül istehzası ilə fərqlənir. Rəssam sanki öz işləri ilə - gülməli və düşündürən, köpdürülmüş nəhəng oyuncaqlarla insanlara gülümsəməyin vacib olduğunu deyir.
Rəssam nəhəng ördək balasını hazırlamaqla cəmiyyətə bir mesaj vermək niyyətində olub. Ördək balası yaşından və aldığı tərbiyədən asılı olmayaraq, hər kəsi barışığa çağırır, bir-birinə yad insanları qısa müddətə də olsa ayaq saxlamağa və ünsiyyət qurmağa məcbur edir.
Bu gündən etibarən Bakı buxtasında üzməyə başlayan nəhəng rezin ördək balası elə ilk gündən Dənizkənarı Milli Parka gələn qonaqların böyük marağına səbəb olub.
Rəssamın ən tanınmış işi olan "Rezin Ördək Balası" Yaponiyada, ABŞ-da və Avropada eyni dərəcədə məşhurdur. Florentin Hofmanın 2010-cu ildə San-Paulo Mərkəzi Parkında quraşdırdığı 15 metrlik instalyasiya və 2011-ci ildə İsveçdə nümayiş etdidiyi məşhur "Nəhəng Sarı Dovşan" əsəri də dünyada eyni dərəcədə sevilir.