Yeni qrafikə əsasən, «Həzi Aslanov» stansiyasından «28 May» stansiyasına qədər və əks istiqamətdə, qatarlar arasında interval gur saatlarda 2 dəqiqədir. «28 May» stansiyasından «İçərişəhər» və «Dərnəgül» stansiyaları istiqamətində hərəkət edən qatarlarda bu müddət iki dəfə artıq - 4 dəqiqəyə bərabərdir. Bu barədə metropolitenin məlumatında bildirilir.
Məlumata görə, günün digər vaxtlarında qatarlar «Həzi Aslanov» stansiyasından «28 May» stansiyasına qədər və əks istiqamətdə, sərnişin sıxlığından asılı olaraq, 2,5-3 dəqiqə intervalla hərəkət edir. Həmin vaxtlarda «28 May» stansiyasından «İçərişəhər» və «Dərnəgül» stansiyaları istiqamətində və əksinə hərəkət edən qatarlar arasında interval, iki dəqiqə artıq, yəni 5-6 dəqiqə təşkil edir.
«Həzi Aslanov» stansiyasından hərəkət edən qatarlarda interval müddəti yalnız «Bakmil»-«N.Nərimanov» yol mənzili istiqamətində bəzi hallarda daha çox olur. Bu, həmin qatarların metropoliten xətlərinin vahid hərəkət cədvəlinə uyğun olaraq tətbiq edilir. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə şənbə və bazar günlərində qatarların «Bakmil»-«Nərimanov» və əks istiqamətdə hərəkətində cüzi dəyişiklər edilib.
Qeyd edək ki, yeni qrafikin müddəti 2014-cü il ilin iyul ayına qədərdir./«APA-Economics»/