Media nümayəndələri ilə mütəmadi olaraq qeyri-rəsmi təmas qurmaqla onlarla müxtəlif mövzularda müzakirələr aparan Nar Mobile jurnalistlər üçün tamamilə yeni formatda təşkil etdiyi ünsiyyət platformunu artıq bir ənənəyə çevirmək niyyətindədir. Öz prinsipləri və korporativ ənənələrinə sadiq qalan Nar Mobile II Mətbuat klubu müstəvisində jurnalistlərlə növbəti görüşünü keçirmişdir. Mətbuat klubunda media nümayəndələrinə “Azerfon” şirkətinin ən son nailiyyətləri barədə ətraflı məlumat verilmiş, jurnalistlərlə geniş fikir mübadiləsi aparılıb.
Sentyabrın 11-də keçirilən Mətbuat klubunda çıxış edən “Azerfon” şirkətinin Marketinq üzrə Baş direktoru Maksim Fyodorov qonaqlara 2013-cü ilin ilk yarısında əldə edilən nailiyyətlərdən bəhs edərək, şirkətin strategiyasında olan əsas istiqamətləri səsləndirdi. İşgüzar əməkdaşlıq mühitinin önəmini vurğulayan cənab Fyodorovun KİV nümayəndələrinə verdiyi məlumata əsasən, mobil operator abunəçilərin ehtiyaclarına cavab verən, bazarda olan ən sərfəli və sadə tarif planları ilə, internet paketlərində olan müxtəliflik və münasib qiymətlərlə, o cümlədən rominqdə ən münasib qiymətlərlə seçilir və abunəçilərinin rəğbətini qazanır.
Hər zaman humanizm prinsiplərinə sadiqliyi ilə seçilən və korporativ sosial məsuliyyət siyasətini öz strategiyasının bir hissəsinə çevirən Nar Mobile tədbirdə özünün daha bir sosial təşəbbüsünü jurnalistlərlə bölüşmüşdür. Belə ki, eşitmə qabiliyyəti məhdud olan ondan çox vətəndaşımızı işlə təmin edən şirkət onların cəmiyyətə qazandırılması istiqamətində mühüm addımlar atmış və eşitmə qüsurlu gənclər üçün onlayn kompüterdən istifadə kursları təşkil edərək Azərbaycanın biznes mühitində bir nümunə nümayiş etdirib.