“Çox şadam ki, artıq gözəl, göz oxşayan bir məktəb tikilmişdir. Bu məktəbin tikintisi o deməkdir ki, aşıq sənəti yaşayır və yaşayacaq”.
“Qafqazinfo” AzerTac-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Gədəbəy Aşıq Musiqisi Məktəbinin açılışında rayon ictimaiyyətinin nümayəndələri qarşısında çıxış edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, məktəbdə oxuyan şagirdlər, uşaqlar, gənclər bu sənəti gərək yaşatsınlar:
“Sizdən nümunə götürüb bu sənəti yaşatsınlar. Çünki aşıq sənəti bizim milli sərvətimizdir, milli sənətimizdir. Azərbaycanda aşıq sənətinin çox dərin kökləri vardır. Azərbaycan aşıq sənətinin vətənidir. Əlbəttə ki, sizin kimi istedadlı aşıqların fəaliyyəti, sizin əməyiniz gələcək nəsillər üçün də örnək olmalıdır. Çünki gənc nəsil vətənpərvərlik ruhunda və milli ruhda tərbiyə almalıdır. Həmişə gənclərlə görüşlər zamanı bunu qeyd edirəm ki, gənclər bilikli, Vətənə bağlı olmalıdırlar, vətənpərvər və milli ruhda böyüməlidirlər. Milli ruh da aşıq sənətidir. Milli ruh bizim musiqimizdir, muğam sənətidir, ədəbiyyatımızdır, xalçaçılıq sənətidir. Azərbaycanın bu sənəti bizim böyük sərvətimizdir, dünyanın sərvətidir.
Xalçaçılıq sənəti - onun vətəni Azərbaycandır. Aşıq sənətinin vətəni Azərbaycandır. Muğamın vətəni Azərbaycandır. Azərbaycan xalqı çox istedadlı xalqdır. Bu sənəti Siz yaşadırsınız və gənc nəsillərə əmanət edirsiniz. Ona görə, bu məktəbin tikintisi çox böyük məna daşıyır. Azərbaycan dövləti gücləndikcə əlbəttə ki, məktəblərin tikintisi, musiqimizin, mədəniyyətimizin inkişafı ilə bağlı daha da ciddi addımlar atılacaqdır. Çünki bu, bizim gələcəyimizdir”.
Daha sonra Aşıq İsfəndiyar prezidentə şeir deyib
Xoş gəlibsiniz bu diyara,
Heydər oğlu İlhamımız.
Mən qurbanam o boyuna,
Heydər oğlu İlhamımız.
Gələn yolun, qədəmlərin mübarək,
Hər təzə ayların, ilin mübarək.
Müstəqil dövlətin, elin mübarək,
Yaşa, Heydər oğlu, yaşa, min yaşa.
Bizim xalqın Sizə var məhəbbəti,
Bu dağların tükənməzdir sərvəti.
Aşıq İsfəndiyar edir niyyəti,
Mehriban xanımla ömür sür başa,
Yaşa, Heydər oğlu, yaşa, min yaşa.