Yaponiyanın “NEC” korporasiyası məxsusi olaraq inkişaf etməkdə olan ölkələr üçün Yer səthinin müşahidə edilməsi üçün nəzərdə tutulan kompakt peyk hazırlayıb.Peykin özəlliyi ondan ibarətdir ki, o, geniş texniki imkanlara malikdir və hazırkı modellərdən 2 dəfədən çox ucuzdur. Qurğunun yaradılmasında “GACSA” Milli Aerokosmik Agentliyinin mütəxəssisləri iştirak edib.
Çəkisi 500 kq olan peyk bu növ kiçik aparatlar üçün ilk dəfə olaraq Yer səthində diametri təxminən 50 sm təşkil edən obyektləri aşkar edə bilir. Hazırda bu cür xarakteristikaya çəkisi 2 tondan çox olan ağır aparatlar malikdir. Bu aparatların bazar qiyməti 100 milyon dolları ötür, halbuki Yaponiya korporasiyası öz modelini 4-5 milyard yenə (təxminən 40-50 milyon dollar) təklif etməyə hazırdır.
Tərtibatçıların sözlərinə görə, bu növ peyk zəif gücə malik raketin köməyi ilə buraxılış üçün xərclərlə birlikdə alıcıya ümumilikdə 100 milyon dollara başa gələcək. Aparatdan xüsusilə əkin sahələrinin müşahidəsi, təbii fəlakətlər nəticəsində dəyən ziyanın qiymətləndirilməsi, eləcə də kəşfiyyat məqsədləri üçün istifadə etmək mümkündür. Qlobal kommersiya peyklərinə tələbatı yapon mütəxəssisləri təxminən 15 milyard dollar dəyərində qiymətləndirərək bu bazar uğrunda mübarizə aparmaq əzmindədirlər. Yaponiya istehsalçısı peyklər üçün sifarişlərin qəbuluna artıq bu ildən hazırlaşır