Bakıda İndoneziyanın turizm sənayesinin təqdimatı keçirilib.
Təqdimatda çıxış edən səfir bildirib ki, iki dost ölkə olan Azərbaycan və İndoneziya arasında bir çox sahələrdə qarşılıqlı əməkdaşlıq qurulub.
20 ildən artıqdır Azərbaycan və İndoneziya arasında diplomatik münasibətlərin yaradıldığını deyən səfir, ölkəmizlə turizm, mədəniyyət sahəsində əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb.
Onun sözlərinə görə, turizm əlaqələrinin inkişafı iki ölkənin əməkdaşlığının daha da dərinləşdirilməsi üçün vacib sahədir. Bu əlaqələri genişləndirmək üçün imkan və potensial da mövcuddur. Diplomat bu istiqamətdə müəyyən addımların atıldığını, ölkəsinin ötən il və bu il Bakıda keçirilən Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştirak etdiyini deyib.
İndoneziyanın “Asia Koleksi Travel” şirkətinin direktoru Asekan Djoyo Dono isə deyib ki, Bakıya səfərlərinin əsas məqsədi ölkənin turizm potensialını təqdim etmək, Azərbaycandan İndoneziyaya turizm axının gücləndirilməsidir. Onun sözlərinə görə, azərbaycanlılar İndoneziyanın bütün adalarına səfər edə bilərlər. İndoneziyanın Azərbaycana məsafə baxımından o qədər də uzaq olmadığını deyən şirkət rəhbəri, turistləri burada çox maraqlı səyahət gözlədiyini deyib.
“İndoneziya təbii gözəllikləri ilə çox zəngin və gözoxşayandır. İnsanlarımız olduqca mehribandır.
Ölkəmizə gələn hər bir turist xidmətin səviyyəsindən, təqdim olunan hər bir şeydən razı qalırlar. Hesab edirəm ki, səyahəti, istirahəti sevən hər bir azərbaycanlı İndoneziyanı mütləq görməlidir”.
Daha sonra ölkənin turizm potensialı ilə bağlı təqdimat keçirilib. İndoneziyanın Bali adası və digər görməli yerləri, istirahət məkanları, təbiəti, otellər, mətbəx, alış-veriş imkanları barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, dünyanın ən bahalı kofesi olan “Luvak”(1 kq 1000 dollar) məhz İndoneziyada istehsal olunur. Turizm şirkəti yalnız səyahətlər deyil, Bali adasında və İndoneziyanın digər maraqlı yerlərində toy, ziyafət mərasimləri də təşkil edir.