Beynəlxalq Olimpiya Komitəsinin (BOK) vitse-prezidenti və 1976-cı ildə qılıncoynatma üzrə Olimpiya çempionu almaniyalı Tomas Bax bu qurumun prezidenti seçilib.
BOK-un yeni üzvlərinin də adları məlum olub.
Qeyd edək ki, Tomas Bax seçkiqabağı mübarizənin favoriti hesab olunurdu. Altı namizəd arasında T.Baxın imkanları ilk günlərdən daha yüksək qiymətləndirilirdi. Hər şey gizli səsvermənin ikinci mərhələsində həll olunub: T.Baxa 49 səs və Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri vəzifəsi verilib.
İdman aləmində Tomas Baxın yüksək nüfuzu və şöhrəti var. O, Lozanna idman arbitraj məhkəməsində işləyib, ölkəsində Olimpiya Komitəsinə rəhbərlik edir. 59 yaşlı almana ənənəvi dəstək verənlər arasında nüfuzlu Küveyt şeyxi, Milli Olimpiya Komitələri Assosiasiyasının rəhbəri Əhməd Əl-Fahad Əs-Sabah da var.
T.Baxın prioritetlərinə gəlincə, almaniyalı ilk növbədə dopinqlə mübarizəni qeyd edir. Bunun üçün onun səkkiz il ərzində həm BOK-a rəhbərlik etmək, həm də Soçidə, Rio-de-Janeyroda, Pxyonçxan və Tokioda Olimpiya Oyunlarını açmaq hüququ var.