Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə jurnalistlər üçün “Gənc jurnalistlər şəbəkəsi” adlı yay məktəbi keçirilir.
Artıq üç gündür davam edən təlimdə bir-birindən maraqlı proqramlar, müzakirələr gənc jurnalistlərin dünyagörüşünü daha da zənginləşdirib.
Yay məktəbinin məqsədi gənc jurnalistlərə Azərbaycan Respublikasında gənclər siyasəti və bu siyasətdə jurnalistlərin rolu haqqında təlimlərin keçirilməsi, müxtəlif sahədə fəaliyyət göstərən jurnalistlər arasında yeni münasibətlər qurulması və mövcud münasibətlərin daha da inkişaf etdirilməsi, yay məktəbinin məqsədləri arasında jurnalistlərlə qeyri-hökumət təşkilatları xüsusilə gənclər təşkilatları arasında əlaqələr yaratmaq və bu əlaqələri daha genişləndirməkdir.
Təlimçilər arasında ARGTMŞ-ın sədr müavini Mirhəsən Seyidov, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Gənclər, Elm və Təhsil Departamentinin keçmiş direktoru Cəsarət Valehov, Türkiyəli mütəxəssis doktor Erdem Söylemez və digərləri olub.
Lənkəran şəhərinin “Palıdlı Sahil” istirahət mərkəzində keçirilən təlimdə gənc jurnalistlər “Welcome Party”də, “Movie Night”, “Brain Ring”, “Kod Da Vinçi” intellektual oyununda iştirak ediblər.
Qeyd edək ki, “Gənc jurnalistlər şəbəkəsi” adlı yay məktəbi təlimi sentyabrın 9-da start götürüb və sentyabrın 13-də başa çatacaq.
Hazırda yay məktəbində 40-a yaxın gənc televiziya, qəzet və xəbər portallarında fəaliyyət göstərən peşəkar və həvəskar, gənc jurnalistlər iştirak edir.