Ekologiya və Təbii Sərvətlər Nazirliyi sentyabr ayının birinci ongünlüyü üçün Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələrini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən keçirilən monitorinqin məqsədi Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək olub.
Məlumata görə, sentyabr ayının birinci ongünlüyündə Kür çayında suyun sərfi avqust ayının üçüncü ongünlüyünə nisbətən 8 m3/san azalaraq 95,0 m3/san təşkil edib.
Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.
Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 4, mis birləşmələri 3, Ağstafaçay və Ağstafaçay su anbarında fenollar 3, mis birləşmələri 2 dəfə YVQH-ni keçib.
Sentyabr ayının birinci ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz və Bəhramtəpə məntəqələrində suyun əsas çirkləndiricilərindən olan fenollar 4, mis birləşmələri 3, I Şahsevəndə isə fenollar və mis birləşmələri 3 dəfə YVQH-ni keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5,18-5.95 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.