Oktyabrın 9-da keçiriləcək prezident seçkilərində namizəd kimi təsdiqlənən 21 nəfərdən bu günə qədər 3 nəfərin namizədliyi qeydə alınıb. Bunlar hazırki prezident İlham Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə və deputat Zahid Orucdur.
10 nəfər namizədin imza vərəqələri isə Mərkəzi Seçki Komissiyasında yaradılmış ekspert qrupları tərəfindən yoxlanılır. Yaxın günlərdə həmin şəxslərin də namizədliyinin qeydə alınıb-alınmaması ilə bağlı qərar qəbul ediləcək.
Bu barədə AzNews.az-a MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. O bildirib ki, hazırda imza vərəqələri yoxlanılan namizədlər Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, MDHP sədri Fərəc Quliyev, ASDP həmsədri Araz Əlizadə və Milli Şuranın namizədi Cəmil Həsənlidir.
A.Sarıyevin sözlərinə görə, axşam saat 18:00-a qədər namizədliyi təsdiqlənmiş başqa şəxslərin də imza vərəqələrini MSK-ya təhvil verəcəyi gözlənilir.
O bildirib ki, namizədlər imza vərəqələrini təhvil verdikdən sonrakı bir həftə ərzində onların imza vərəqələri yoxlanılıb, qeydə alınmaları ilə bağlı qərar veriləcək.
***
Namizədliyi qeydə alınanlar
1. İlham Əliyev
2. İqbal Ağazadə
3. Zahid Oruc
Namizədliyinin qeydə alınması üçün imza vərəqələrini təhvil verənlər:
1. Cəmil Həsənli
2. Əhməd Oruc
3. Əli Əliyev
4. Fuad Əliyev
5. Araz Əlizadə
6. Qüdrət Həsənquliyev
7. Hafiz Hacııyev
8. Fərəc Quliyev
9. İlyas İsmayılov
10. İlqar Məmmədov
11. Sərdar Cəlaloğlu
Namizədliyini geri götürənlər:
1. Qüdrət İsakov
2. İlqar Altay
3. Elşən Həsənov
Ərəstun Oruclu namizədliyinin qeydə alınması üçün yetərli imza toplaya bilməyib, digər 3 namizəd - Hidayət Rüstəmbəyli, Rauf Quliyev və İsmayıl Yusifov haqda isə heç bir məlumat yoxdur.