Yardımlı rayonunun içməli su çatışmazlığından əziyyət çəkən 15 kəndinə su çəkilir. Bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti şöbəsindən məlumat verilib.
Məlumata görə, Yardımlının kəndlərinə su çəkilişi "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. 2013-cü ilin avqust ayında icrasına başlanan layihə rayonun Osnakəran, Bürzünbül, Vərgədüz, Əngövül, Vərov, Yolacaq, Separadi, Keçələkəran, Bilnə, Bozayran, Dəryavar, Sırıq, Anzov, Hamarkənd və Zəngənə kəndlərində 12 min nəfərin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsini nəzərdə tutur.
Qeyd edək ki, hazırda bu kəndlərin sakinləri içməli suyu böyük çətinliklərlə uzaq məsafədən müxtəlif vasitələrlə daşıyırlar. Həyata keçirilən yeni layihəyə əsasən kənd sakinləri mərkəzləşmiş qaydada içməli su ala biləcəklər. Kəndlərə içməli su Sineyir çayı hövzəsindəki bulaqlardan veriləcəkdir. Bu məqsədlə mənbədən yaşayış məntəqələrinə müxtəlif diametrli borularla 8 kilometr uzunluğunda magistral su xətti çəkiləcək. Layihənin icrasına başlanandan indiyədək magistral xəttin 5 km-lik hissəsində tikinti-quraşdırma işləri yekunlaşıb. Kənd sakinlərini özüaxımlı rejimdə içməli su ilə təmin etmək üçün hər birinin tutumu 500 kubmetr olan 2 ədəd əsas, həmçinin kəndlərin tələbatından asılı olaraq müxtəlif həcmlərdə bir neçə kiçik su anbarı tikiləcək. İlkin mərhələdə kəndlərdə bulaqlar, növbəti mərhələdə kənddaxili paylayıcı şəbəkə qurulacaq. Layihə üzrə işlərin 2014-cü ildə başa çatdırılması nəzərdə tutulur.