Konfransda Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Təhsil nazirliyinin məsul işçisi İsak Məmmədov, həmçinin rayonun idarə, müəssisə, hüquq-mühafizə orqanlarının rəhbərləri, icra və bələdiyyə nümayəndələri, təhsildə nailiyyətlər əldə etmiş müəllim və şagirdlər iştirak ediblər.Rayon Təhsil şöbəsinin müdiri Almaz Həşimova konfransda geniş məruzə ilə çıxış edib. O qeyd edib ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən davam etdirilən təhsil islahatı bütün respublikamızda olduğu kimi Füzuli rayonunda da uğurla həyata keçirilməkdədir. A.Həşimova qeyd edib ki, bu il rayon üzrə 462 şagird ali məktəblərə sənəd verib, onlardan 230 nəfəri ölkənin müxtəlif ali təhsil ocaqlarına, 150-si isə orta ixtisas məktəblərinə qəbul olunub. A.Həşimova bildirib ki, ali məktəblərə sənəd verən şagirdlərdən 30-u 600-dən çox bal toplamış, 8 şagird isə Azərbaycan Tibb Universitetinə qəbul olunub.
Konfransda Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib, onlara uğurlar arzulayıb. Alı Alıyev ölkədə həyata keçirilən təhsil islahatlarından söz açıb, ölkə Prezidenti İlham Əliyev tərəfindən son illər imzalanmış Dövlət Proqramlarının əhəmiyyətinə toxunub. Alı Alıyev rayonda aparılan quruculuq işlərindən danışıb, respublikamızın digər bölgələrində olduğu kimi Füzulidə də infrastrukturun yenilənməsinin, yeni yolların çəkilməsinin və müasir tələblərə cavab verən sosial obyektlərin inşa olunmasının əhəmiyyətini qeyd edib.
Qəbul imtahanlarında rayon gənclərinin əldə etdikləri nəticələri təqdirəlayiq hal kimi səciyyələndirən Alı Alıyev qazanılan uğurların davam etdiriləcəyinə əmin olduğunu vurğulayıb.
Digər çıxış edənlər cəmiyyətin tərəqqisində təhsilin rolunu vurğulayıblar, yeni dərs ilində müəllim həmkərlarına və şagirdlərə uğurlar arzulayıblar.