Gürcüstan hökuməti Abxaziya dəmir yolunun açılması barədə heç bir qərar qəbul etməyib.
Bu barədə Gürcüstan hökuməti rəsmi bəyanat yayıb. Bu bəyanat Ermənistan milli təhlükəsizlik şurasının katibi Artur Bağdasaryanın Rusiya, Gürcüstan və Abxaziyanı birləşdirən dəmir yolunun Abxaziya sahəsinin açılması ilə bağlı guya üçtərəfli razılığın əldə olunmasına dair məlumatına cavab olaraq yayılıb.
Gürcüstan hökumətinin bəyanatı A.Bağdasaryanın dediklərinin həqiqətə uyğun olmadığını təsdiq edir.
Gürcüstan milli təhlükəsizlik şurasının katibi Qiqi Bokeria deyib ki, dəmir yolunun bərpası yalnız Gürcüstan torpaqları işğaldan azad olunandan sonra mümkündür.
Q. Bokeria Gürcüstan hökumətinin xalqının milli mənafeyinə zidd olacaq qərar qəbul etməyəcəyinə ümidvar olduğunu bildirib, Qars-Axalkalaki layihəsinin həyata keçirilməsinin Gürcüstanın strateji mənafelərinə daxil olduğunu qeyd edib.
O deyib ki, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropanı birləşdirən bu layihə Gürcüstan üçün həm iqtisadi, həm də strateji baxımdan mühüm əhəmiyyət kəsb edir.
Gürcüstanın xarici işlər naziri Maya Pancikidze də dəmir yolunun açılması ilə bağlı məlumatın heç bir əsası olmadığını qeyd edib.