Demokratik Qüvvələrin Milli Şurasının sədri Rüstəm İbrahimbəyov bu gün “Media forum” saytının suallarını cavablandırıb.
- Milli Şura üzvlərinin son açıqlamaları qurumda narazılığın yarandığını deməyə əsas verir. Sədr kimi son vəziyyətlə bağlı məlumatlısınızmı? Bu narazılıqlar nədən qaynaqlanır?
- Prosesləri izləyirəm və baş verən bütün hadisələr haqqında məlumatım var. Hesab edirəm ki, bunlar hamısı normal proseslərdir. Milli Şura böyük təşkilatdır, bir neçə partiyanı, hərəkatı, təşkilatı, müstəqil insanları birləşdirib. Onların hər birinin öz mövqeyi, məsələyə fərqli yanaşması ola bilər. Bu da adi haldır. Milli Şurada ciddi problem yoxdur.
Sentyabrın 3-də keçirilən sonuncu sessiyaya bir neçə nəfər gəlməyib. Amma bu o demək deyil ki, hansısa hərəkat, partiya bütövlükdə sessiyada iştirak etməyib. EL hərəkatından bir neçə nəfər sessiyaya qatılıb, tam yetərsay olub.
Həqiqətən də EL hərəkatı üzvlərinin narazılıqları var. Narazılıqların nədən ibarət olmasını Eldar Namazovdan, Eldəniz Quliyevdən soruşmaq lazımdır. Onlar da bu suala cavab verib, öz narazılıqlarının nədən ibarət olduğunu açıqlayıblar. Sonra isə Milli Şura rəhbərliyi bir araya gəlib, məsələ həll olub. Artıq narazılıq yoxdur.
- EL hərəkatı Milli Şuradan çıxa bilərmi?
- EL çox vacib və lazımlı hərəkatdır. Təəssüf ki, imkanları məhduddur, böyük maliyyə problemləri var. Hamı iqtidardan qorxur, müstəqil, müxalif təşkilatlara, insanlara maddi kömək etmirlər. Kimin maddi imkanı var, siyasətdən çəkilib, proseslərə qoşulmur. Azərbaycanda normal siyasi həyat yaşamaq mümkün olmur. Kim addım atır, narazılığını bildirirsə, dərhal cinayət işi açıb onu həbsxanaya salırlar. Ona görə EL hərəkatı da çətin vəziyyətdədir, hakimiyyət əsassız ittihamlarla təşkilatın üstünə düşüb, hərəkatı dövlət çevrilişində günahlandırır, üzvlərini prokurorluğa çağırırlar. Təzyiqlər çox güclüdür. Amma bütün bu təzyiqlərə baxmayaraq EL hərəkatı siyasi həyatda öz mövqeyini tutacaq.
- Liberal Partiyasının lideri Lalə Şövkətin Milli Şuradan getməsi haqda məlumatlar yayılıb. Bu doğrudurmu?
- Dəqiq informasiyam yoxdur. Lalə Şövkətin də müəyyən narazılığı var, bunu bilirəm. Amma onun Milli Şuradan çıxmaq niyyəti yoxdur. Hesab edirəm ki, Lalə Şövkət belə bir addım atmaz. O, Milli Şuradan çıxması haqda heç kimə heç nə deməyib. Bu informasiyanı kimin yaydığını bilmirəm.
- Lalə Şövkətin narazılığı nə ilə əlaqəlidir?
- Narazılığı var və çox əsaslıdır, köklü səbəbləri var. Narazılığın nədən ibarət olmasını açıqlamıram, özləri istəyirlərsə, narazılığın nə olduğunu desinlər. Amma mən Lalə Şövkətin tərəfindəyəm.
- Narazılığın nədən ibarət olmasını niyə açıqlamaq istəmirsiniz?
- Yalnız onu deyə bilərəm ki, narazılıq Milli Şuranın sessiyasının necə keçməsi, idarəçiliklə bağlıdır. Bu problemlər və narazılıqlar daxili məsələdir. Onları medianın gündəminə gətirmək mənasızdır.
- Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev Milli Şuradan vahid namizəd kimi Cəmil Həsənlinin seçilməsinə etiraz edir. Onunla son zamanlar telefon danışığınız olubmu?
- Rəsul Quliyev təcrübəli siyasətçidir. Bu onun şəxsi mövqeyidir. Baxmayaraq partiyası Milli Şuranın tərkibindədir, hər kəsin öz mövqeyi var. Kimə seçiminə görə təzyiq göstərmək olar?
- Bu narazılıqlar Milli Şuranın cəmiyyətdə olan imicinə, onun namizədinin populyarlığına mənfi təsir göstərirmi?
- Baxır kimə nə lazımdır, nə sərf edir. Bəziləri Milli Şuranın tarixi yerini, missiyasını görmürlər, cürbəcür xırda dedi-qoduları şişirdirlər. Son 20 ildə ilk dəfədir ki, müxalifət birləşib. Hər təşkilatın içində belə mübahisələr, narazılıqlar baş verə bilər. Əsas odur ki, Milli Şura çox çətin vəziyyətdə belə geniş koalisiya yaradıb.
Mərkəzi Seçki Komissiyası qanunsuz olaraq mənim namizədliyimi qeydiyyata almadı. Buna baxmayaraq Milli Şura dərhal başqa bir vahid namizəd seçdi. Bir neçə günə lazım olan 45 min imza toplanıb. Namizədimiz Cəmil Həsənli hər gün mətbuatda çıxış edir. Çox gözəl, məntiqli çıxışları var. Cəmil Həsənli həm indiki vəziyyəti, həm də gələcək prosesləri çox gözəl təhlil edir. Belə məsələlərə diqqət ayırmaq lazımdır. Bunları bir kənara qoyub xırda məsələlərlə məşğul olmağa dəyməz.
- Rusiyada vətəndaşlığından çıxmağınızla bağlı durum nə yerdədir? Son zamanlar bununla bağlı hansısa görüş keçirmisinizmi? Müraciətinizə baxılıb-baxılmayacağı haqda sizə məlumat verilibmi?
- Aydın məsələdir ki, Rusiya seçkidə iştirakımı istəsəydi, məsələni istisna yolla həll edərdi. Proses əslində uzun çəkir. İyul ayında vahid namizəd kimi irəli sürüləndə bütün imkanlarımdan istifadə edib məsələni tez həll etməyə çalışdım. Görünür, onların layihəsi deyiləm, problem həll olunmadı. Aydın oldu ki, Rusiyanın layihəsi elə indiki hakimiyyətdir.
Mənə Azərbaycanda cinayət işi açılır, Milli Şuranı hansısa təxribat törətməkdə günahlandırırlar, bu vəziyyətdə heç Rusiya vətəndaşlığından çıxmağımın da bir əhəmiyyəti yoxdur. Sənədlərim oradadır, nə zaman istəsələr baxacaqlar.
- Prezidentliyə namizəd ola bilmədiniz. Rusiya vətəndaşlığından çıxmaqla bağlı müraciətinizi geri götürməyiniz mümkündürmü?
- Müraciətimi geri götürə bilərəm, amma etməmişəm, sənədlərim oradadır.
- Götürmək niyyətiniz varmı?
- Götürə bilərəm, Rusiya vətəndaşlığından çıxıb bir müddət sonra yenidən bərpa da edə bilərəm.
- Cəmil Həsənlinin seçki kampaniyasını necə aparmaq lazımdır? Bununla bağlı hansı ideyalarınız var? Əsas arqumentlər nə olmalıdır ki, namizəd uğur qazana bilsin?
- Dəfələrlə demişəm, indi də təkrar edirəm, seçkinin aqibətini xalq həll etməlidir. Xalqa isə öz istəyini həyata keçirməyə imkan vermirlər. Ona görə vəziyyət çox ağırdır. Bilirəm ki, seçki saxtalaşdırılacaq. Buna baxmayaraq xalqa müraciət edirəm ki, Cəmil Həsənliyə səs versin, saxtakarlıq ifşa olunsun. Bizim güclü vahid namizədimiz var. Birləşib ona dəstək verməliyik.
- Ötən müsahibənizdə qeyd etmişdiniz ki. sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev iki-üç dəfə sizə zəng edib, hal-əhval tutub, hakimiyyət də buna görə Nicat Quliyevi həbs edib. Ondan bir müddət əvvəl isə prezidentin sabiq işlər müdiri Akif Muradverdiyev də həbs olunub. Belə fikirlər var ki, Akif Muradverdiyevi də sizinlə əlaqələrinə və Milli Şuranı dəstəkləməsinə görə həbs ediblər. O, sizinlə görüşürdümü?
- Bir dəfə təyyarədə görüşdük. İkimiz də Moskvaya gedirdik. Onda heç Milli Şura yox idi. Məni maşın qarşıladı, Akif Muradverdiyevi Kiyev vağzalına apardım. Bir az oturduq, çay içdik. Bununla da görüşümüz bitdi. Başqa görüşümüz olmayıb. Bir-iki dəfə zəng edib, şəxsi xahiş olub. Amma siyasətlə bağlı heç bir əlaqəmiz olmayıb.
- Ermənistan Avrasiya İttifaqı layihəsinə qoşulacağını bəyan edib. Sizcə, Azərbaycan bu ittifaqa qoşulmalıdırmı?
- Bu, çox mühüm məsələdir. Avrasiya İttifaqının məqsəd və məramını, planlarını, niyyətini və ora daxil olacağımız halda bunun nəticələrini təhlil etmək lazımdır. Fakt odur ki, hazırda Avropa İttifaqı çox çətin vəziyyətdədir, böhran keçirir. Yeni birliklər yarananda, şərtləri, tələbləri dərindən təhlil edilməlidir. Təhlilsiz belə suallara cavab vermək olmaz.