Bakının Səbail rayonunda yeni tədris ilinə hazırlığın vəziyyətinə həsr olunan yığıncaq keçirilib.
Iclasda rayonda keçən tədris ilinin yekunları və yeni təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunub.
Toplantıda çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkədə təhsil məsələləri ilə bağlı görülən işlərdən, prezident İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən təhsilə olan diqqət və qayğıdan danışıb.
Qeyd olunub ki, 2011-və 2012-ci illər ərzində sərəncamda Səbail təhsili ilə bağlı bütün bəndlər icra olunub, əlavə olaraq ölkə başçısının 20 aprel 2011-ci il tarixli sərəncamına uyğun olaraq Badamdar qəsəbəsində 880 şagird yerlik 329 saylı orta məktəb və 120 yerlik uşaq bağçası tikilib.
Həmçinin 49 saylı “İntellekt” lisey üçün 660 şagird yerlik əlavə tədris korpusu tikilib.
Cari ilin yay aylarında Badamdar qəsəbəsindəki 136 saylı körpələr evi-uşaq bağçasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunub və hazırda son tamamlama işləri gedir. Bağça hər cür lazımi avadanlıq və ləvazimatlarla təchiz olunub, buraya yeni kommunikasiya və istilik xətləri çəkilib, həmçinin bağçanın yanında, Tofiq Məmmədov küçəsi 2 ünvanda yerləşən yaşayış binası və həyət də əsaslı təmir olunub.
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Səbail rayonuna 8 orta, 1 peşə məktəbinin, 2 uşaq bağçasının, 1 uşaq yaradıcılıq mərkəzi və Texniki Yaradıcılıq Birliyinin əsaslı təmiri, 1 orta məktəb üçün yeni akt və idman zallarının tikintisi nəzərdə tutulub.
Tədbirdə görülən işlərlə yanaşı keçən tədris ilində təhsil müəssisələrinin qazandığı uğurlardan da danışılıb. Vurğulanıb ki, 2012-2013-cü tədris ilində rayonun orta məktəblərini 1458 nəfər bitirib, onlardan 1279 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd verib. Abituriyentlərin 927 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında abituriyentlərdən 121 nəfəri 500-dən yuxarı, 35 nəfəri 600-dən, 8 nəfəri isə 650-dən çox bal toplayıb. Məzunlardan 88 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunublar.
Prezident İlham Əliyevin “2012/2013-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında” sərəncamına görə Bakı şəhəri, Səbail rayonu 6 saylı tam orta məktəb və 160 saylı Klassik Gimnaziya artıq ikinci dəfədir ki, qaliblər sırasında olublar. Artıq 6-cü ildir ki, keçirilən bu müsabiqədə rayonun 18 orta məktəbinin 12-i qaliblər sırasında olub.
Bu il keçirilən “Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri arasında isə rayonun 6 nəfər müəllimi olub, müsabiqənin keçirildiyi 6 il ərzində Səbail rayon məktəblərinində çalışan müəllimlərdən 52 nəfər “Ən yaxşı müəllim” adına layiq görülüb.
Tədbirdə çıxış edən 6 saylı tam orta məktəbin direktoru, əməkdar müəllim Gülşən Orucova, 686 bal toplayaraq tələbə adını qazanmış Günel Vəlişova və digər çıxışçılar təhsil müəssisələrində yaradılan şəraitə və təhsilə göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Sonda qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunub, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid və aztəminatlı ailələrdən olan 100 uşağa məktəbli forması hədiyyə edilib.