Prezident İlham Əliyev sentyabrın 6-da Bakının Nəsimi rayonundakı 19 və 240 nömrəli tam orta məktəblərinin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. SİA-nın məlumatına görə, paytaxtın orta ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurma işləri Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlər planına uyğun olaraq həyata keçirilir. Təmir işləri ilə yanaşı, ehtiyacı olan mövcud məktəblər üçün əlavə sinif otaqlarının, yeni tədris korpuslarının, idman və akt zallarının, yeməkxana binalarının inşası və lazımi avadanlıqla təchiz edilməsi də həyata keçirilir. Yeni dərs ilinin başlanması ərəfəsində dövlətimizin başçısı əsaslı şəkildə yenidən qurulmuş məktəblərə gedir, yaradılan şəraitlə maraqlanır.
Əvvəlcə Prezident İlham Əliyev 19 nömrəli tam orta məktəbdə həyata keçirilən təmir və yenidənqurma işləri ilə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, 1964-cü ildə istismara verilən məktəbin birinci korpusu üç, ikinci korpusu isə bir mərtəbədən ibarətdir. 2006-cı ildə şagird sıxlığını aradan qaldırmaq məqsədi ilə 400 yerlik əlavə sinif otaqlarından ibarət yeni korpus inşa olunub. 1600 şagird yerlik məktəbdə hazırda 1417 şagird təhsil alır. Məktəbdə bütün sinif otaqları, dörd informatika, kimya, fizika, biologiya kabinetləri, iclas zalı, açıq və örtülü idman meydançaları əsaslı şəkildə yenidən qurulub. Ən müasir avadanlıqla təchiz edilmiş məktəbin 8 hektar ərazisində də abadlıq və quruculuq işləri həyata keçirilib.
Sonra Prezident İlham Əliyev 240 nömrəli tam orta məktəbdə yaradılmış şəraitlə tanış oldu. Burada dövlətimizin başçısına görülən əsaslı təmir və yenidənqurma işləri ilə bağlı məlumat verildi. Bildirildi ki, məktəbin binası 1967-ci ildə istifadəyə verilib. Məktəbdə şagird sıxlığını aradan qaldırmaq məqsədi ilə 2008-ci ildə əlavə sinif otaqları inşa edilib.1200 şagird yerlik məktəbdə dərslər birnövbəlidir. Dövlət Proqramına uyğun olaraq məktəbin bütün sinif otaqları, fənn kabinetləri, iclas və idman zalları əsaslı şəkildə yenidən qurulmuş və lazımi avadanlıqla təchiz edilib. Ən müasir işıq və istilik sistemləri quraşdırılan məktəbin iki hektarlıq ərazisində də abadlıq işləri həyata keçirilib.