Təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsində statistik hesabatların formalaşdırılması, təqdimi və qəbul olunması qaydalarının təsdiq edilməsi barədə əmr imzalayıb.
Nazirlikdən verilən xəbərə görə, əmrdə bildirilir ki, təhsil sisteminin müasirləşdirilməsi şəraitində təhsilin dəqiq statistikasının aparılması mövcud vəziyyətin operativ təhlil edilməsi və əsaslandırılmış optimal qərarların qəbul edilməsi baxımından çox vacibdir. Belə məlumatlara Təhsil Nazirliyi, yerli təhsili idarəetmə orqanları və təhsil müəssisələri ilə yanaşı, digər dövlət qurumlarının, eləcə də ictimaiyyətin müəyyən təbəqəsinin ehtiyacı var.
Hazırda nazirlikdə ümumi təhsil məktəblərini əhatə edən informasiya sistemi fəaliyyət göstərir və məlumat bazasında son 5 tədris ili üzrə respublikanın bütün ümumi təhsil məktəblərinin maddi-texniki bazası, hər bir şagirdi, müəllimi haqqında məlumat toplanmış və bu məlumatlar mütəmadi olaraq yenilənir. Ancaq rəsmi statistikanın mövcud qaydalara uyğun aparılması məlumat bazası ilə rəsmi statistika arasında bir sıra göstəricilər üzrə fərqlərin yaranmasına, yekun hesabatların vaxtında hazırlanmamasına səbəb olur. Bunlar və digər səbəblər rəsmi statistikanın qəbulu və onlardan istifadə edilməsi ilə bağlı qaydaların dəyişdirilməsini, mövcud proqram təminatının təkmilləşdirilməsini və genişləndirilməsini, ali təhsil, orta-ixtisas təhsili, peşə təhsili və digər istiqamətlər üzrə də məlumat bazalarının yaradılmasını zəruri edir.
Təhsil naziri müasir dövrdə statistik məlumatların təhsil sisteminin səmərəli idarəolunması və inkişafyönümlü optimal qərarların qəbul olunmasında xüsusi əhəmiyyət daşıdığını nəzərə alaraq, bu sahədə dəqiq statistikanın aparılması və təkmil hesabatvermə modelinin yaradılmasını təmin etmək məqsədi ilə əmr imzalayıb. Əmrə əsasən, “Ümumi təhsil müəssisələri üzrə rəsmi statistik hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi qaydaları" təsdiq olunmalı, ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatlar 2013-2014-cü tədris ilindən başlayaraq, Təhsilin idarəolunmasının məlumat sisteminin "Ümumi təhsil müəssisələri" proqram təminatı əsasında formalaşdırılmalı və Qaydalara uyğun surətdə Nazirliyin Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsinə təqdim edilməlidir. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.