Koreya Respublikasının “Samsung” şirkəti Berlində keçirilən “IFA” sərgisində “Galaxy Note 3” smartfon modelini təqdim edib.
Qurğunun ekran diaqonalı birinci və ikinci “Note” modellərinin ekranından daha böyük olmaqla 5,7 düym təşkil edir və təsvir ölçüsü 1920x180 pikselə bərabərdir. Eyni zamanda, “Galaxy Note 3” əvvəlki modellərlə müqayisədə həm nazik, həm də yüngüldür (168 qram).
Smartfonun digər fərqləndirici cəhəti qurğunun arxa hissəsinin materialının dəridən hazırlanmasındadır.
Aparat 2,3 giqahers takt tezlikli dördnüvəli prosessor və 3 giqabaytlıq operativ yaddaş ilə təchiz olunub.
Smartfon “4K/Ultra HD” təsvir ölçüsündə video çəkmək imkanına malikdir. Təsvir ölçüsünü “Full HD”-dək endirməklə çəkilişi saniyədə 60 kadr sürətində aparmaq mümkündür.
Digər “Note” modelləri kimi qurğu stilusla (elektron qələm) təchiz edilib.
Sentyabrın 25-dən 149 ölkədə satışına başlanılacaq smartfonu 32 və 64 giqabayt yaddaşla 2 variantda əldə etmək mümkün olacaq.