Mərkəzi Seçki Komissiyasının (MSK) may ayında açıqladığı rəsmi rəqəmlərə əsasən Azərbaycanda 4 milyon 986 min 296 nəfər səsvermə hüququna malikdir. MSK-nın hesabatında seçkilərə doğru səsvermə hüququ olan şəxslərin artacağı diqqətə çatdırılmışdı.
Artıq seçkilərə cəmi 34 gün qalıb. Hazırda ölkəmizdə nə qədər seçici var?
MSK katibi Mikayıl Rəhimov Modern.az-a açıqlamasında seçicilərin sayının bəlli olduğunu bildirib. Onun sözlərinə görə, seçkicilərin siyahısı bu gündən etibarən məntəqə seçki komissiyalarından asılacaq.
MSK katibi bildirib ki, yaş senzi ilə bağlı səsvermə hüququ olan şəxslər seçkilərə 25 gün qalmış müraciət edərək, adını seçici siyahısına saldıra bilər:
“Seçicilərin son siyahısı may ayının 30-da açıqlanıb. İndiyə qədər də müraciət edənlərin siyahısı tutulub və Məntəqə Seçki Komissiyalarının girişində bu gündən başlayaraq asılacaq. Seçki gününə 25 gün qalanadək siyahıda dəyişiklik edilə bilər. Səsvermə hüququ olan vətəndaşlar müraciət edib, adlarını siyahıya daxil etdirə bilərlər”.
Qeyd edək ki, MSK-nın cari ilin may ayında açıqladığı statistikada prezident seçkilərində iştirak edəcək seçicilərin sayı 4 milyon 986 min 296 nəfər göstərilib.
Siyahıda qadın seçicilərin sayı 2 milyon 462 min 983 nəfər, kişilərin sayı isə 2 milyon 523 min 313 nəfərdir.
Yaşı 85-90 arası olanlar 27014 nəfər, yaşı 90-100 arası olanlar 6424 nəfər, yaşı 100-dən yuxarı olan seçicilərin sayı isə 825 nəfərdir.
Ən yaşlı seçici isə 89 saylı Göyçay-Ağdaş seçki dairəsinin 24 saylı seçki məntəqəsinin seçicisi 1889-cu il təvəllüdlü, 124 yaşlı Dadaşova Gözəl Əli qızıdır.
Ən çox seçici yaşı olan qrup 19-30 yaş arasıdır. Bu yaşda olan seçicilərin sayı 1 milyon 317 min 353 nəfərdir. Bu da seçicilərin 27, 6 faizini təşkil edir.