Dövlət başçısı Heydər Əliyev Parkında Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Prezident İlham Əliyevə məlumat verdi ki, Heydər Əliyevin adını daşıyan park yenidən qurulub.
2011-ci ildə Heydər Əliyev Muzeyinin bazasında Heydər Əliyev Mərkəzi yaradılıb.
Parkda rayon sakinləri və qonaqların mənalı istirahəti üçün hər cür şərait yaradılıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Masallıda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib
Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, birinci mərtəbədə internet kafe və 3D kino zalı fəaliyyət göstərir. Mərkəzin ikinci mərtəbəsində isə məktəblilərin Azərbaycanın zəngin tarixini dərindən öyrənmələri üçün xüsusi dərnəklər yaradılmışdır. Rəsm studiyası, fotostudiya, xalq sənətkarlığı otağı da məhz belə dərnəklərdəndir.
Bildirildi ki, mərkəzdə yaradılan xalq sənətkarlığı otağında Azərbaycanın qədim musiqi alətləri və xalçaçılıq nümunələri nümayiş etdirilir. Elektron kitabxanada isə Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətindən bəhs olunan, o cümlədən Azərbaycan tarixini, ədəbiyyatını və mədəniyyətini özündə əks etdirən elekton vəsaitlər yer alıb.
Prezident İlham Əliyev Mərkəzdə yaradılan şəraiti yüksək qiymətləndirib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Masallıda Mədəniyyət Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib.
Dövlət başçısına məlumat verildi ki, Mədəniyyət Mərkəzi 1956-cı ildə inşa olunmuşdur. Bu mədəniyyət ocağı istismarda olduğu müddətdə əsaslı təmir edilməmişdir. Ümumi sahəsi 7300 kvadratmetr olan bina üçmərtəbəlidir. Rayonun bu əsas mədəniyyət ocağının əsaslı təmirinə 2011-ci ildən başlanılmışdır. Tikinti işləri Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə həyata keçirilib.
Mərkəzin foyesində Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə qayğısından bəhs edən fotoguşə yaradılmışdır. Burada Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına, bu sahədə böyük əmək sərf edən insanlara diqqət və qayğısını əks etdirən fotolar da toplanıb.
Dövlət başçısının Masallıya ötən səfərindən sonra şəhərin inkişafı məqsədilə imzaladığı Sərəncama uyğun olaraq ayrılan vəsait hesabına yenidən qurulan Mədəniyyət Mərkəzinin binası müasir standartlara cavab verir. 358 yerlik tamaşa salonundan və digər yardımçı otaqlardan ibarət Mədəniyyət Mərkəzinin bütün infrastrukturu tamamilə yenidən qurulub.
Mərkəzlə tanışlıq zamanı dövlət başçısı rayon incəsənət məktəbi xor kollektivinin ifasını dinlədi.
Prezident İlham Əliyev Masallı ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Mahmudavar kənd mədəniyyət evinin direktoru Natəvan Əliyeva, rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev, Qafqaz Müsəlmanları İdarəsinin qazısı Mirqiyas Təhməzov Prezident İlham Əliyevə Masallı sakinlərinin təşəkkürünü çatdırdılar.
Sonra “Halay” folklor kollektivi “Ay lolo” xalq mahnısını ifa etdi.
Sonda xatirə şəkilləri çəkdirilib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının yeni inşa olunan inzibati binasının açılışında iştirak edib.
Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
İkimərtəbəli binanın inşasına 2012-ci ilin iyulunda başlanılmış, tikinti işləri yüksək səviyyədə həyata keçirilmişdir. Ümumi sahəsi 2650 kvadratmetr olan bina müasir inventar və havalandırma sistemi ilə təchiz edilmişdir. Binanın foyesində Heydər Əliyevin və Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası ilə bağlı fəaliyyətlərini əks etdirən fotolardan ibarət stend vardır. Birinci mərtəbədə, həmçinin partiyanın qadınlar şurası və gənclər birliyi üçün də otaqlar yaradılmışdır. Binanın ikinci mərtəbəsində Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin büstü qoyulmuşdur. Burada, həmçinin inzibati otaqlar da vardır. Bu mərtəbədə müxtəlif tədbirlərin təşkli üçün 100 yerlik konfrans zalı, arxiv və digər otaqlar da müasir səviyyədə qurulub.
Bildirildi ki, hazırda Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının 9111 nəfər üzvü vardır. Təşkilatın üzvləri rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında fəallıq göstərir, aparılan abadlıq-quruculuq və yenidənqurma işlərində yaxından iştirak edirlər.
Yeni Azərbaycan Partiyasının rayon təşkilatları üçün bu cür müasir binaların tikilməsi ölkənin bu aparıcı siyasi təşkilatının fəaliyyətinin daha da güclənməsinə xidmət edəcək.