Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlər və həyata keçiriləcək tədbirlərlə bağlı Prezident İlham Əliyevə məlumat verib.
Bildirib ki, 44 min sakini olan qəsəbədə 70 mindən çox əhali yaşayır. Bakının digər qəsəbələrində olduğu kimi, Maştağada da daxili yollar əsaslı şəkildə yenidən qurulur, əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Qeyd olundu ki, qəsəbədə 72 min 500 kvadratmetr yol sahəsinə asfalt örtüyü döşənib, yolların kənarları abadlaşdırılıb, ətraf ərazilərdə səliqə-sahman yaradılıb. Küçələrdə işıqlandırma sisteminin yaradılması istiqamətində də xeyli işlərin görüldüyü vurğulandı. Qəsəbədaxili yolların kənarlarında 100-ə yaxın yeni işıq dirəkləri qoyulub, müasir işıqlandırma sistemi quraşdırılıb.
Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı ki, qəsəbədaxili yolların əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir.
Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı sakinlərlə görüşdü.
Maştağa qəsəbə sakini Hüseynqulu Ələsgərov görülən işlərlə bağlı sakinlər adından Prezidentə minnətdarlığını bildirib.
İlham Əliyev Bakı və Bakıətrafı qəsəbələrdə infrastruktur layihələrinin ardıcıl olaraq davam etdiriləcəyini bildirdi.