Trend Cənub TV-yə istinadən xəbər verir ki, Bakı ilə cənub regionunu birləşdirən yolun üzərində yerləşən körpüdə günün müəyyən saatlarında qısa müddətli tıxaclar meydana gəlir.
Əsas yollardan hesab olunan Bakı-Ələt-Astara magistralında Baş Mil-Muğan kollektorunun üzərində yerləşən körpüdə qəzalı vəziyyət yaranıb. Elə bu məqsədlə körpüdə əsaslı təmir tikinti işlərinə start verilib. Körpünün dəmir-beton konstruksiyaları yenilənib.
Xatırladaq ki, körpü 20 ildir ki, mütəmadi istismar edilir. Körpü oxuna 7 ton ağırlıq düşən avtomobillər üçün nəzərdə tutulsa da, burada daha ağır tonnajlı yük avtomobillərinin hərəkəti müşahidə edilir ki, bu da nəticədə körpünün tez-tez sıradan çıxmasına səbəb olur.
Qeyd edək ki, yeni salınan və hazırda tikintisi davam etdirilən Ələt-Astara magistralı istifadəyə verildikdən sonra, bu yol ikinci dərəcəli yola çevriləcək.