Prezident Xəzər rayonunun Buzovna qəsəbəsindəki 26 nömrəli orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub, yeni tədris korpusunun açılış mərasimində iştirak edib. Dövlətimizin başçısı 26 nömrəli orta məktəbin təmirdən əvvəlki vəziyyətini əks etdirən fotolardan ibarət stendə baxıb. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı prezidentə məlumat verərək bildirib ki, 1969-cu ildə inşa olunan məktəbdə Dövlət Proqramına uyğun olaraq əsaslı təmir və yenidənqurma işləri ötən il başa çatdırılıb. Sinif otaqları, idman və iclas zalları tam təmir olunub, bütün elektrik və kommunikasiya xətləri dəyişdirilib. Dövlət başçısı sinif otaqlarına, idman və iclas zallarına baxdı, buradakı şəraitlə maraqlanıb. Sonra İlham Əliyev məktəbin yeni inşa edilmiş korpusunda yaradılan şəraitlə yaxından tanış olub.