Dövlət başçısı Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev Prezident İlham Əliyevə abidə ətrafında görülmüş abadlıq-quruculuq və tikinti işləri barədə məlumat verib.
Prezidenti yenidən qurulan Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax
hissəsinin açılışında da iştirak edib.
Son 10 ildə Azərbaycanın yol–nəqliyyat infrastrukturunda əsaslı dəyişikliklər baş vermişdir. Ölkə ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistrallar müasir standartlar səviyyəsində tamamilə yenidən qurulub. Paytaxtın və rayon mərkəzlərinin küçə və yolları abadlaşdırılır. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən avtomobil yollarının təmirinə yönəldilmişdir. Bu proses ölkəmizin bütün regionlarında olduğu kimi, Qaxda da geniş vüsət almışdır. Şəki-Qax-Zaqatala avtomobil yolu da tamamilə yenidən qurulmuşdur.
Dövlət başçısı yolun texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərə baxıb.
Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, avtomobil yolunun yenidən qurulması işlərinə 2010-cu ildə başlanmışdır. İkizolaqlı yolun uzunluğu 35 kilometr, hərəkət hissəsinin eni 7, torpaq yatağının eni 12, asfalt-beton örtüyünün eni isə 8 metrdir. Yolun 26 kilometri Şəki rayonunun, 9 kilometri Qax rayonunun ərazisinə düşür.
Yolun keçdiyi Kümrük çayı üzərində nəhəng körpü də inşa olunmuşdur. Dörd aşırımdan ibarət körpü Şəki şəhəri, Qax və Zaqatala rayonlarına avtomobillərin və piyadaların rahat və maneəsiz hərəkətini təmin etməklə yanaşı, gözəl görünüşü ilə diqqəti cəlb edir. İnşaat işləri zamanı yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilmişdir. Körpünün inşasına 2012-ci ilin yanvarında başlanmışdır. Körpüdə avtomobillərin hərəkət hissəsi 11,5, piyadaların hərəkət hissəsi isə 1,5 metrdir. Körpünün çay səviyyəsindən hündürlüyü 8 metrdir. Rayonun bir çox yaşayış məntəqələrini birləşdirən yolları qısaldan və rahatlaşdıran bu körpü ölkənin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, xüsusilə də dövlət başçısının regionların sosial-iqtisadi inkişafına göstərdiyi qayğının ardıcıl və davamlı xarakterinə daha bir sübutdur. Ümumiyyətlə, yol boyu 21 körpü vardır.
Diqqətə çatdırıldı ki, Şəki-Qax avtomobil yolu respublikanın ən böyük turizm marşrutlarından biridir. Avtomobil yolu Şəki şəhərini Qax istiqamətində Kiş çayı üzərindəki körpüdən başlayaraq Qorağan-Qax-Zaqatala avtomobil yolunun 14-cü kilometri ilə birləşdirir. Avtomobil yolu Şəki və Qax şəhərləri arasında nəqliyyat əlaqəsinin yaxşılaşmasına, hazırda istifadə olunan 77 kilometr məsafənin 42 kilometr qısalmasına imkan verəcəkdir. Bu yol Şəki rayonunun 28 mindən çox əhalisi olan 21 yaşayış məntəqəsini, Qax rayonunun iki mindən artıq əhalisi olan 6 məntəqəsini birləşdirir.
Azərbaycan Prezidenti İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Bundan sonra İlham Əliyev Qaxda Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.
Bu gün Azərbaycan dünyada həm də güclü idman ənənələri ilə tanınır. Çünki idmanın inkişafı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illərdə paytaxtla yanaşı, regionlarda da inşa olunan nəhəng idman kompleksləri Azərbayacanın idman potensialının nümayişi, gənclərin bu sahəyə meylinin artması ilə nəticələnmişdir. Bütün bunlar isə, ilk növbədə, dövlət başçısının idmanın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi idmanın inkişafı, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqətdə saxlanılacaqdır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da idmançılara diqqəti idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti bu sahədə ölkəmizin böyük nailiyyətlər qazanması ilə müşayiət olunur. İdman hərəkatının geniş vüsət aldığı Azərbaycanda Olimpiya İdman komplekslərinin, ixtisaslaşmış idman obyektlərinin inşası davamlı xarakter almışdır. Bu sırada Qax Olimpiya İdman Kompleksi də mühüm əhəmiyyəti ilə seçilir. Regionun ən böyük Olimpiya İdman komplekslərindən olan bu idman mərkəzində bir çox yarışların, təlim-məşq toplantılarının və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait var.
Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.
Kompleksin təməli 2008-ci il sentyabrın 19-da İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. Burada Heydər Əliyevin və İlham Əliyevin Qaxa səfərlərindən və idmanın inkişafına göstərdikləri qayğıdan bəhs edən fotoguşələr yaradılıb.
Gənclər və idman naziri Azad Rəhimov bildirdi ki, son illərdə Qaxda idmanın müxtəlif növlərinin inkişafına xüsusi diqqətin göstərilməsi, xüsusilə də bu cür qurğunun istifadəyə verilməsi rayonda gənclərin idmana olan maraq və həvəslərini daha da artırmışdır. Məlumat verildi ki, Qax Olimpiya İdman Kompleksinin ümumi tikinti sahəsi 9 min 220 kvadratmetr, tikintialtı sahəsi 6 min 498 kvadratmetr, yaşıllaşdırma sahəsi isə 8 min kvadratmetrdir. Layihəyə əsasən ümumi sahəsi 3 min 655 kvadratmetr olan universal idman zalı binasında tamaşaçı yerlərinin sayı 480-dir. Burada iki soyunub-geyinmə, məşqçi və digər otaqlar vardır. İnzibati binanın birinci mərtəbəsində gənclərin informasiya mərkəzi, məlumat-qeydiyyat bölməsi, 40 nəfərlik kafe, həkim və inventar, eləcə də texniki otaqlar fəaliyyət göstərir. İkinci mərtəbədə şahmat otağı, trenajor zalları, bilyard və stolüstü tennis otağı yaradılmışdır. Universal idman zalının döşəməsinə Danimarkanın “Junkers” firmasının istehsalı olan xüsusi döşəmə salınmışdır. Kompleksdə müasir standartlara uyğun 410 yerlik üzgüçülük hovuzu da yaradılmışdır. İkinci mərtəbədə, həmçinin idmançılar üçün istirahət otaqları vardır.
Diqqətə çatdırıldı ki, kompleksin ərazisində ikimərtəbəli beş kottec inşa edilmişdir. Müasir mebel və avadanlıqla təchiz olunan hər bir kottec binası dörd otaqdan ibarətdi.
Məlumat verildi ki, kompleksdə süni ot ürtüklü futbol stadionu da tikilmişdir. Eyni zamanda, stadionda üstüörtülü min tamaşaçı yerlik tribuna inşa edilmiş, məşqçi və hakim otaqları yaradılmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Bundan əlavə, kompleksin ərazisində basketbol, voleybol və tennis meydançaları var.
Olimpiya İdman Kompleksi ilə tanış olan Prezident rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Rayon idmançıları adından çıxış edən 2010-cu ildə Ukraynada keçirilən çoxmübarizəli döyüş növləri üzrə dünya çempionatının qalibi Ramil Məmmədli Azərbaycan idmanın inkişafına, o cümlədən Qax rayonuna göstərdiyi diqqət və qayğıya görə İlham Əliyevə dərin minnətdarlığını bildirib.