TQDK-dan verilən məlumata görə, II ixtisas qrupu üzrə ixtisas seçimində ümumi balı 150 - dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edəcəklər.
Yaxın saatlarda hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola biləcək.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə biləcəklər.
II ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər:
Ümumi balı 150 - dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Dövlət sifarişli ixtisasların müsabiqəsində ümuni balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
II ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 23052 abituriyentdən 718 nəfəri imtahanda iştirak etməmişdir. İmtahanda iştirak edən 22334 abituriyentdən 34 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib.
Ən yüksək nəticə - 690 bal olub.
İxtisas seçimi avqustun 6 - dan avqustun 15-dək internet vasitəsilə aparılacaq.