Milli Televiziya və Radio Şurası (MRTŞ) 3 telekanalın hər birinə serial çəkilişləri üçün 400 min manat pul köçürüb. Bu barədə MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədov deyib. Onun sözlərinə görə, artıq “Lider”, “Space” və “Xəzər” televiziyaları ilə serial çəkilişləri üçün müqavilə imzalanıb. “ANS” və “ATV” telekanalları ilə müqavilə isə əvvəkli serial çəkilişləri üçün hesabatları təhvil verdikdən sonra imzalanacaq.
T. Məmmədov deyib ki, “Lider” televiziyası ödənilən maliyyə hesabına 1 serial, “Space” televiziyası isə 2 serialın müəyyən hissələrini çəkəcək.
Qeyd edək ki, ölkə prezidentinin 4 aprel 2013-cü il tarixli sərəncamına əsasən, MTRŞ iyunun 5-də keçirdiyi iclasında milli teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə “Azad Azərbaycan Teleradio Kompaniyası”na, “Lider TV və Radio Azərbaycan” MMC-yə, “Space Müstəqil Teleradio Kompaniyası”na, “Xəzər TV” MMC-yə və “ANS Müstəqil Yayım və Media Şirkəti”nə - hər birinə birdəfəlik müqavilə bağlanılması yolu ilə 400 000 manat məbləğində maliyyə vəsaiti (qrant) ayrılması barədə qərar qəbul edilib.